"Aİ Azərbaycanın ərazi bütövlüyünü tanıyır" ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyevin Brüsselə səfərini çox yüksək dəyərləndirirəm. Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən fəal ölkədir. Azərbaycan Avropa İttifaqı ölkələri ilə strateji əməkdaşlıq edir, eyni zamanda Aİ-nin enerji təhlükəsizliyində xüsusi rola malikdir. Bundan başqa, Azərbaycan Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşıdır”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Millət vəkili qeyd edib ki, Aİ ilə Tərəfdaşlıq prioritetlərin paraflanması sənədi imzalanıb və bu İttifaq ilə gələcək əməkdaşlığımız çox səmərəli olacaq: “Ölkə başçımızın Brüssel səfəri çərçivəsində bir daha torpaqlarımızın 20 % işğal altında qaldığını qeyd etməsi və qəbul edilmiş qətnamələrin hələ də icra olunması istiqamətində heç bir hərəkətin olmamasını diqqətə çatdırması bir daha beynəlxalq güclərə bir çağırış oldu. Aİ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu, açıqlanan yekun sənəddə də öz əksini tapır”.

Millət vəkili, Prezidentin Belçikada Azərbaycan səfirliyinin yeni binasının açılışını etməsinə də toxunub. Qeyd edib ki, səfirik binamızın yüksək səviyyədə milli üslubda təmir olunması, orada olan hər kəsdə Azərbaycan haqqında təsəvvür formalaşdırır.

A.Badamov təəssüflə vurğulayıb ki, Azərbaycanın bu cür uğurlarının qarşısında ölkəmizi sevməyən antiazərbaycan qüvvələrin sifarişlərini yerinə yetirən 3-4 nəfər öz səviyyəsizliklərini göstərərək orada aksiya keçirmək istəyiblər: “Onların video çəkilişinə baxdım və təəssüfləndim ki, onlar Azərbaycan dilində danışırlar və özlərini azərbaycanlı adlandırırlar. Nə xarici görünüşləri, nə də hərəkətləri azərbaycanlıya oxşamayan bu şəxslər müəyyən qrantlar hesabına Azərbaycan Prezidentini, deputatlarını, xalqını təhqir etməyi özlərinə peşə seçiblər. Mən onlara çox təəssüf edirəm, o kəslərin görünüş və hərəkətlərini görəndə onların yerinə utanıram. Biz ölkəmizi sevməliyik. Ola bilsin ki, kiminsə kimdənsə narazılığı var. Amma bunu belə aşağı səviyyədə belçikalıların qarşısında nümayiş etdirmək, heç bir çərçivəyə sığmır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...