YAP-ın hər bir üzvü Ulu Öndərin ideyalarının təbliğatçısıdır

Yeni Azərbaycan Partiyasının (YAP) hər bir üzvü ulu öndər Heydər Əliyevin yaratdığı siyasi məktəbin yetirməsi, onun ideyalarının təbliğatçısıdır. SİA xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası (YAP) Lerik Rayon Təşkilatı Gənclər Birliyinin Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən V konfransında səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan toplantıda çıxış edən YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev bildirib ki, son illər ölkəmizdə gedən dinamik inkişafın mərkəzində məhz Yeni Azərbaycan Partiyası durur. Yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyev olan partiya daim dövlətçilik ənənələrinə sadiq olub, dövlət quruculuğuna öz töhfələrini verib. Ümummilli Liderin müəyyən etdiyi istiqamət, doğru yol onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Sonra tədbirdə YAP Lerik rayon təşkilatı Gənclər Birliyinin sədri Nüsrət Kərimovun hesabat məruzəsi dinlənilib.

Məruzə ətrafında müzakirələrdə gənc partiya fəallarından Orxan Abbaszadə, Veysəl Məlikov və Şəms Cabbarova çıxış ediblər.

Daha sonra təşkilati məsələlərə baxılıb.

YAP Lerik rayon təşkilatı Gənclər Birliyinin sədri, Şura üzvləri, İdarə Heyəti və YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələri seçilib.

Nüsrət Kərimov yenidən YAP Lerik rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Konfransda Milli Məclisin deputatı İqbal Məmmədov və başqaları çıxış edərək YAP Lerik rayon təşkilatı Gənclər Birliyinin yeni seçilmiş üzvlərini təbrik ediblər.

Çıxış edənlər Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar.

Konfransda partiya sıralarına yeni qəbul olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə