Regionların inkişafı iqtisadiyyatın dayanıqlılığını təmin edir

İlham Əliyev: "2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı, hesab edirəm ki, tarixi nailiyyətdir"

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən uğurla həyata keçirilən regional inkişaf proqramları nəticəsində, ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. Ötən 16 il ərzində yeni-yeni istehsal müəssisələri açılıb, 2 milyona yaxın iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. 2004-2017-ci illər ərzində iqtisadi islahatlar baxımından, Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Son 16 il ərzində ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib, 12 min 300 kilometr yol inşa edilib, 443 körpü tikilib, 43 Olimpiya İdman Kompleksi istifadəyə verilib və digər lazımi sosial infrastruktur yaradılıb. Nəticədə, Azərbaycandakı işsizliyin göstəricisi dünyada ən aşağı səviyyəyə - cəmi 5 faizə enib. Halbuki 2003-cü ildə bu göstərici 49 faizə bərabər olub. Əgər 2004-cü ildə yoxsulluğun səviyyəsi 49 faizdən artıq idisə, hazırda, bu, cəmi 5,4 faizdir. Ötən 16 il ərzində, maaşlar beş dəfə, pensiyalar səkkiz dəfə artıb. Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində də ciddi addımlar atılıb, indiyə qədər sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkəmizin simasını tanınmaz dərəcədə dəyişib, qeyri-neft sektorunun ilbəil tərəqqisinə səbəb olub.

Regional inkişaf strategiyasında kənd təsərrüfatının uğurlu nəticələri real rəqəmlərlə

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində iqtisadiyyatın müxtəlif sahələri ilə bərabər, kənd təsərrüfatında da böyük uğurlar qazanılıb. Rəqəmlərə nəzər salaq: 2004-cü ildə ölkə üzrə 196 min ton ət tədarük edilmişdisə, keçən il bu rəqəm 326 min tona çatıb. Həmin dövrdə süd istehsalı 1 milyon 200 min, ötən il 2 milyon ton olub. Növbəti 5 il ərzində isə, həm ət, həm də süd istehsalını daha 15-20 faiz artırmaq nəzərdə tutulub. Digər misal: əgər 2004-cü ildə Azərbaycanda 44 min ton quş əti istehsal edilmişdisə, ötən il bu rəqəm 109 min ton olmuşdur. Tərəvəz istehsalı da bu dövrdə 0,5 milyon ton artaraq, 1 milyon 500 min tona çatmışdır. İstehsalın artımı, nəinki ölkəmizə kənd təsərrüfatı məhsullarının idxalını azaltmış, həmçinin, bizə ixrac imkanı yaratmışdır. Təkcə ötən il pomidor ixracından 177 milyon, xurmadan 114 milyon, pambıq və pambıq məhsullarından 108 milyon, fındıqdan 100 milyon, almadan 38 milyon dollar gəlir əldə edilmişdir.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda növbəti illərdə də aqrar sektorun inkişafına xüsusi önəm veriləcəyini bildirərək demişdir: "Kənd təsərrüfatı və sənaye istehsalı IV Proqramda xüsusi yer tutur. Əlbəttə, infrastruktur layihələri də diqqətdədir. Ancaq qeyd etdiyim kimi, onların böyük hissəsi başa çatıb, yaxud da ki, başa çatacaq. Ona görə iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir... Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar və yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində, kənd təsərrüfatı məhsullarının ixracı, təxminən 6 dəfə artıb. Ancaq potensial daha böyükdür və biz yeni bazarlara çıxmalıyıq".
Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı, hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdi".
Dövlət başçısı Dördüncü Proqramın qəbul edilməsinin önəmli hadisə olduğunu vurğulayaraq bildirmişdir ki, Dördüncü Proqram beş il ərzində icra ediləcək. Bu gün, hələ də görə bilmədiyimiz işləri, biz növbəti illər ərzində görəcəyik ki, ölkəmiz daha da inamla və uğurla inkişaf etsin. Dövlət başçısı, onu da vurğulayıb ki, Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkədə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Azərbaycan sabitlik və təhlükəsizlik məkanı olduğunu bildirən prezident qeyd edib ki, həyata keçirilən siyasət xalqın rifah halının yaxşılaşmasına hesablanıb.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə