Azad mətbuat və demokratik cəmiyyət


Prezident İlham Əliyev: «Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir»

Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, bu gün həyatımızın bütün sahələrində olduğu kimi, mətbuatın azad fəaliyyəti və inkişafı sahəsində də, zəruri tədbirlər görülür. Mətbuatın azad fəaliyyəti və jurnalistlərin sosial-məişət məslələrinin həlli dövlətin həyata keçirdiyi proritet istiqamətlərdəndir. Ümumiyyətlə, reallıq budur ki, xalqımız tarixən sözə və sənətə bağlı olub. Xalqın söz və mətbuat azadlığının təmin olunmsı isə, XIX əsrin əvvəllərində daha geniş xarakter almağa başlayıb. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazski vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu. 1832-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də "Tiflis əxbarı" qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan bu qəzetlərin mövcudluğu ilə barışmayan Azərbaycan xalqı özünün milli mətbuatını yaratmaq üçün uzun illər mübarizə aparmalı olmuşdur. Məhz bu mübarizənin nəticəsi olaraq da, 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı - "Əkinçi" qəzeti işıq üzü görmüşdür. Zərdabi və onun məsləkdaşları Azərbaycan xalqını gerilikdən çıxarmaq, cəhalət və mövhumata ağır zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərlərinə götürmüşdülər. "Əkinçi"nin səhifələrində xalqa zülm edən bəylər, mülkədarlar kəskin tənqid edilir, insanların elm, təhsil, savad almaları, maariflənmələrinin vacibliyi geniş təbliğ edilirdi. Buna görə də, qəzet çarizmin aşkar təzyiq və təhdidləri ilə üzləşir, çapına ciddi maneələr törədilirdi. Bu təzyiqlərin şiddətlənməsi nəticəsində Həsən bəy Zərdabi 1877-ci ildə "Əkinçi"nin nəşrini dayandırmalı oldu. Görkəmli ziyalı 1905-ci ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində "Əkinçi"ni nə məqsədlə nəşr etdiyini, qarşıya çıxan çətinlikləri, çar senzurasının təqiblərini açıb göstərmişdir. XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda çap olunan "Kaspi", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Bakinski listok", "Bakinskiye izvestiya", "Vozrojdeniye", "Hümmət", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik", "Dəvət-Qoç" qəzetləri, habelə, "Molla Nəsrəddin" jurnalı da Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin formalaşmasında, azad sözün, müstəqil düşüncənin inkişafında mühüm rol oynamışdır. XX əsrin əvvəllərində Azərbaycan jurnalistləri demokratik mətbuatın mütərəqqi ənənələrini böyük müvəffəqiyyətlə inkişaf etdirirdilər. C.Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Seyid Hüseyn, Əli Nəzmi, Əliqulu Qəmküsar, Ü.Hacıbəyli, M.Şaxtaxtinski, M.S.Ordubadi və başqaları milli düşüncə və ideyaların təbliği və demokratik dəyərlərin möhkəmlənməsi yönümündə fəal təbliğat aparırdılar. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmamışdır. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə və çətinliklərlə üzləşmişlər. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu.

«Mətbuat cəmiyyətin güzgüsüdür"

Azərbaycan xalqının Ümummilli Lideri, dövlətimizin qurucusu və memarı Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 46-cı və 50-ci maddələrində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qanunvericiliyə əsasən, kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindəndir. Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Ulu Öndər Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı, demokratiya və aşkarlığın mühüm vasitəsi kimi, xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub və müstəsna xidmətlər göstərib. «Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Əsl və peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə və saflığına ləkə gətirməsin. Humanist olduğu qədər ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz olan Ulu Öndər Heydər Əliyevin mübarizliyi, bu sahədə də, özünü büruzə verirdi. Söz və mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı və mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Ümummilli Lider Heydər Əliyev jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı», həmçinin, 1998-ci il avqustun 6-da imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaratmış, Müstəqil Dövlətlər Birliyi məkanında, ilk dəfə olaraq, Azərbaycanda senzura ləğv olunmuşdur. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən «2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı» isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynamışdır. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir" deyən Ulu Öndər Heydər Əliyev azad mətbuatın inkişafına diqqət göstərərək, uğurlu nəticələrə nail olmuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə, 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı

Bu gün Ulu Öndər Heydər Əliyevin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti demişdir: «Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir». Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" buna əyani sübutdur. "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır" deyən Prezident İlham Əliyevin bu fikirləri dövlət başçısının ölkəmizdə mətbuat azadlığının ən böyük təminatçısı olduğunu bir daha nümayiş etdirir. Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Nizamnaməsinin təsdiq edilməsi də mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Milli mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda, "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti Sərəncamın imzalanması, mətbuatın yaradılmasının 140 illiyi münasibəti ilə onlarla jurnalistin Prezident İlham Əliyevin Sərancamı ilə dövlətin orden və medallarla, fəxri fərmanlarla təltif edilməsi mətbuatın inkişafına, jurnalistlərin əməyinə verilən qiymətin davamlılığının nəticəsidir. Söz yox ki, əsası qoyulan ənənə, bundan sonra da davam etdiriləcək və mətbuat tarixinə yeni uğurlar və nailiyyətlər yazılacaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...