"Azərbaycan naminə birləşək!" kampaniyası başlandı TƏHLİL - VİDEO

İngilislər Azərbaycanda istənilən qapını döyə bilərlər

Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana səyahətlə bağlı öz ölkəsinin vətəndaşlarına tövsiyəsi günəşli gündə şimşək effekti verdi. Çünki hazırda qətiyyən heç bir arqumentə söykənməyən və Böyük Britaniyanın milli maraqlarına və dövlət siyasətinə uyğun olmayan bu qeyri-ciddi bəyanatın necə ortaya çıxdığı və hansı qüvvənin mənafeyinə xidmət etdiyini, əslində, Londonun xarici siyasətini yürüdənlərin özləri də məntiqlə izah edə bilmirlər.

Azərbaycandan cavab reaksiyaları özünü çox gözlətmədi və dərhal Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi açıqlama verdi. İctimaiyyətdə də bu məsələ ilə maraqlanan və aidiyyəti olan sosial qurumların münasibəti gözlənildiyi kimi açıq və məntiqli şəkildə ifadə olundu. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın şərhi belə oldu: "UEFA Avropa Liqasının 29 mayda Bakıda keçirilən final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid yaydığı səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur. Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan çoxsaylı, mötəbər beynəlxalq tədbirlərə, o cümlədən, beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu sırada I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, illik əsasda keçirilən "Formula-1" Bakı Qran-Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə "Qarabağ"-"Çelsi" futbol oyunu qeyd oluna bilər. Bu idman yarışlarını izləmək məqsədilə, ölkəmizə gələn coxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişiyin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalmışlar".

"Səs" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev isə bu cür münasibət bildirib: "Azərbaycanın əleyhinə fəaliyyət göstərən müəyyən dairələrin, dəfələrlə olduğu kimi, mötəbər beynəlxalq tədbirlərə ölkəmizin ev sahibliyi edərkən təşkil etdiyi qara piar, yaxud anti-təbliğat kampaniyasının təsiri altında verilmiş açıqlama kimi dəyərləndirdi. İstər 2012-ci ildə "Avroviziya" Mahnı Müsabiqəsi, istər 2015-ci il I Avropa İdman Oyunları, istərsə də 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları zamanı, eyni vaxtda "Formula-1" yarışlarının Bakı mərhələsində biz oxşar anti-təbliğat kampaniyasının şahidi olmuşuq. Lakin Azərbaycan dövləti ölkəmizdə ən yüksək standartlara uyğun infrastruktur və ideal mühit yaradaraq, mühüm beynəlxalq tədbirləri ölkəmizdə çox uğurlu şəkildə təşkil etməklə, qara piarçılara əməli işlə cavab verərək, Azərbaycanın beynəlxalq imicinə və cəmiyyətin mədəni, humanitar və sosial-iqtisadi inkişafına yeni-yeni töhfələr verir".

Tanınmış jurnalist Nicat Dağların da bu səpgidə məqaləsi müəyyən zümrənin ictimai fikrinin ifadəsi kimi çox maraqlıdır: "İngiltərə futbolun vətəni hesab olunsa da, bu vaxta qədər yalnız bir dəfə Dünya çempionu olmağı bacarıblar. O da, məhz azərbaycanlı kişinin sayəsində!

1966-cı ildə keçirilmiş Dünya çempionatının final qarşılaşmasında yan xətt hakimi Tofiq Bəhramovun dəqiqliyi və prinsipiallığı sayəsində ingilislərin mübahisəli topu qol kimi qeydə alındı. O vaxtdan 53 il keçib və ingilislər Dünya kubokunu 2-ci dəfə başları üzərinə qaldırmağa müvəffəq ola bilməyiblər. 2006-cı ildə ingilislər Bakıya gəlmişdi. Dünya kubokunun seçmə mərhələsi çərçivəsində Azərbaycan və İngiltərə milliləri qarşılacaqdı. Oyundan əvvəl Tofiq Bəhramovun abidəsinin açılışı oldu. Diqqətçəkən bilirsiniz nə idi? Tədbirə qatılmış ingilis azarkeşlər, üzərində "Sağ ol, cənab Bəhramov!" yazılmış köynəklər geyinmişdilər. O vaxt yadımdadır ki, paytaxtın gecə klubları, əyləncə məkanları ingilis azarkeşləri tərəfindən zəbt olunmuşdu. Onlar qışqırıb-bağırır, alkoqollu içkiləri hədsiz dərəcədə qəbul edib, bir neçə yerdə bir-biriləri ilə davaya da qalxmış olduqları məkanlara böyük məbləğdə ziyan vurmuşdular. Bütün bunlara baxmayaraq, amma birinin də burnunu qanatmadıq. Hansısa azarkeşin cibinə girən olmadı, ümumiyyətlə, ingilis azarkeşlərinin Bakıda olduğu günlər ərzində hər hansı birinə "gözün üstə qaşın var" deyən olmadı. Əminəm ki, bu Avropa Liqasının Bakı finalı da ingilis azarkeşlərinin sayının əvvəlki illlərlə müqayisədə qat-qat çox olması ilə müşahidə olunacaq".

Əlbəttə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlaması, göründüyü kimi, Azərbaycanda çox mənfi qarşılanmaqla yanaşı, həm də ictimai rəydə məntiqi əsası olmayan, hətta Londonun rəsmi mövqeyindən daha çox müəyyən dairələrin təsiri altında səslənmiş fikir kimi başa düşüldü. Doğrudan da, bir suala məntiqli və arqumentli cavab tapmağa çalışaq. NƏ ÜÇÜN? Niyə Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Azərbaycana səyahəti tövsiyə etmir?

UEFA rəsmiləri bu çempionatın final oyununu planlaşdıranda Bakıdakı mövcud şəraiti, idman və turizm infrastrukturunun ən müasir standartlara uyğun olduğunu və Azərbaycandakı siyasi, kriminal stabilliyi və sabitliyi nəzərə alaraq, belə qərara gəlmişlər. Hələ onu da qeyd etmək lazımdır ki, onda heç bəlli deyildi ki, UEFA çempionatının final oyununda iki ingilis klubunun futbol komandası qarşılaşmalı olacaq. Bəlkə hələ bu suala da şübhə ilə yanaşmağa əsas var. Görəsən, necə olub ki, iki ingilis klubu finala yüksəlib? Məsələ heç bunda da deyil. Müxtəlif parametrlər üzrə təhlil edib müqayisələr aparanda, belə bir nəticə alınır ki, Bakı belə tədbirlər üçün ən yaxşı və ən uyğun şəhərlərdən biridir.

Azərbaycan-ümumxalq səsverməsi ilə qəbul olunmuş konstitutsiya və daim mütərəqqi islahatlar aparılan ali qanunlarla idarə olunan demokratik bir dövlətdir. Gömrük və biznes viza sistemi beynəlxalq normalara uyğunlaşmış elektron idarəçilik forması tətbiq edilən, dünya internet sisteminin bir hissəsidir. Qafqazın füsunkar təbiətini və milli mərdlik, qonaqpərvərlik xüsusiyyətlərini özündə ehtiva edən, kriminogen durumu ən sabit olan ölkədir. Kimin necə görmək və ya kimin necə göstərmək istəyindən və yaxud subyektiv münasibətindən asılı olmayaraq, demokratik idarəçilik, iqtisadi, sosial-mədəni inkişaf yolunda, milli dəyər, milli xüsusiyyət və maraqları qoruyaraq, daim islahat və innovasiyaların tətbiq olunduğu dövlətdir. Öz təfəkkür, müasir mədəniyyəti ilə Avropanın bir hissəsi olan Azərbaycan nümayəndələrinin təkcə "Avroviziya" Mahnı Müsabiqəsində aktiv iştirakları və uğurlu nəticələri:

Belqrad - 2008-ci ildə 8-ci yer,

Moskva - 2009-cu il 3-cü yer,

Oslo - 2010-cu il 5-ci yer,

Düsseldorf - 2011-ci il 1-ci yer,

Bakı - 2012-ci il 4-cü yer,

Malmö - 2013-cü il 2-ci yer və s. tutumları Azərbaycanın Avropa mədəniyyətinin həm bir hissəsi olduğunun, həm də Avropa mədəniyyətinə verdiyi töhfələrin göstəricisidir.

I Avropa Oyunlarının da 12-28 iyun 2015-ci ildə Azərbaycanda keçirilməsi bu ölkənin Avropa idman infrastrukturunun bir hissəsinin təsdiqi ilə yanaşı, Avropa oyunlarında, ölkə olaraq, II yer qazanması idmanın inkişafının göstəricisidir. Hər halda, 2015-ci ildə Azərbaycanda keçirilən yarışda Avropanın 50 ölkəsinin 24-ü olimpiya və 6-sı qeyri-Olimpiya idman növü olmaqla, 30

idman növü üzrə 10000 idmançı 17 gün ərzində mübarizə aparmış və təşkilatçılıq çox yüksək formada qurulmuşdur. Həmçinin, 2017-ci il 12-22 may tarixlərində Bakıda IV İslam Həmrəyliyi Oyunları da çoxmillətli multi-idman turniri olaraq, yüksək təşkilatçılığı ilə diqqəti cəlb edirdi. Sözsüz ki, bu və ya digər beynəlxalq tədbirlərin yüksək təşkilatçlığı, ilk növbədə, bu ölkənin gömrük, viza daşımacılıq və turizm-xidmət infrastrutrunun müasir standartlara uyğunluğunu həm şərtləndirir, həm də təsdiq edir.

Avropanı gəzmək üçün ən ucuz şəhərlərin siyahısı tərtib olunarkən, üçulduzlu otellər də bir nəfərin bir gecəlik qalması, turistik yerlərə giriş, taksi və gündəlik qidalanma xərcləri nəzərə alınmaqla, 20 şəhərin siyahısı təxmin edilmişdir.

Bunlar:

1. Buxarest, Rumıniya

2. Sofiya, Bolqarıstan

3. Kiyev, Ukrayna

4. Çeski Krumlov, Çexiya

5. Sarayevo, Bosniya və Herseqovina

6. Sankt-Peterburq, Rusiya

7. Budapeşt, Macarıstan

8. Krakov, Polşa

9. Belqrad, Serbiya

10. Split, Xorvatiya

11. Zaqreb, Xorvatiya

12. Vilnüs, Litva

13. Bratislava, Slovakiya

14. Santorini adası, Yunanıstan

15. Riqa, Latviya

16. Tenerife, İspaniya

17. Praqa, Çexiya

18. İstanbul,Turkiyə

19. Varşava, Polşa

20. Moskva, Rusiya, uyğun olaraq, 44 -77 ABŞ dollar arası dəyişir. Göründüyü kimi, bu şəhərlərin arasında Avropanın bir çox dövlətlərinin Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İtaliya, İsveç və s. heç bir şəhərlərinin adı yoxdur. Bakıda isə şəhərin mərkəzində və yaxud gözəl füsunkar təbiəti olan əyalətlərdə üçulduzlu otellərdə bir nəfərin gecələməsi, taksi, qidalanma və turistik yerlərə giriş üçün bir gündə orta hesabla cəmisi - otel - 40 AZN, taksi - 15 AZN, yemək - 10 AZN, giriş - 5 AZN və bütün bunların cəmi 70 AZN və ya 41 ABŞ dolları təşkil edir. Əgər kimsə daha yüksək komfort istəsə, sözsüz ki, Azərbaycanda arzuladığı ən yüksək komfortu da əldə edə bilər.

Azərbaycanda gündüzdən-axşama, gecədən-səhərə qədər millətindən, dilindən və dinindən asılı olmayaraq, hamı sərbəst istədiyi yerdə gəzə və istirahət edə bilər və heç kimin həyatı nə ölüm təhlükəsi ilə, nə də xırda xuliqanlıqla təhdid olunmur. Avropanın və Amerikanın bir çox şəhərlərində isə, bunu demək olmaz. Hətta rəsmi xəbərdarlıq olunan yerlər mövcuddur ki, orada müəyyən saatlarda gəzmək tövsiyyə olunmur.

Böyük Britaniya Londonda 23 mart 2017-ci ildə Westminsterdə hücumçunun idarə etdiyi avtomobili səki ilə yanaşı sürməsi və bir polisi bıçaqlaması nəticəsində, 5 nəfər həlak olub, 40 nəfər xəsarət alıb. Hücumçu polis tərəfindən öldürülüb. Baş nazir Theresa May hücumu "xəstə və əxlaqsız" adlandırıb və bildirib ki, hücum söz azadlığı, demokratiya və azadlıq dəyərlərinə zərbə endirib. Baş nazir əlavə edib: "Bu hücumun baş verdiyi yer təsadüfi deyil".

"Mançestr Arena" stadionunda 22 may 2017-ci il tarixdə amerikalı müğənninin Ariana Grandenin çıxışından sonra partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər, o cümlədən, 12 uşaq həlak olub, 120 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və 9 nəfər itkin düşüb.

20 avqust 2016-cı ildə Fransanın Nitsa şəhəri, 20 dekabr 2016-cı ildə Almaniyanın Berlin şəhəri və s. baş vermiş qanlı olaylar Avropa şəhərlərinin heç də təhlükəsiz olmadığını göstərir və bu şəhərlərdə yaşayan insanların evindən çıxıb işə gedərkən, küçədə hər hansı silahlı hücuma məruz qalmayacaqlarına heç kim zəmanət verə bilmir.

UEFA Avropa Liqasının son final oyunları 2012/2013-cü illərdə Hollandiya Amsterdam, 2013/2014-cü illər İtaliya Yuventus, 2014/2015-ci illər Varşava, 2015/2016-cı illər İsveçrə Bazel, 2016/2017-ci illər İsveç Stokholm, 2017/2018-ci illər Fransa Lion, 2018/2019-cu illər Azərbaycan Bakı Olimpiya stadionnda keçiriləcək, final oyununda iki ingilis komandası qarşılacaq. Bu oyunun vaxtını və yerini isə UEFA rəsmiləri və püşqatma komissiyası təyin edəndə, hələ finala kimlərin yüksələcəyi bəlli deyildi. Deməli, UEFA Avropa Liqasının final oyununun Azərbaycanda - Bakı Olimpiya stadionunda keçirilməsi üçün, nəinki heç bir problem yoxdur, əksinə, həm idmançılar, həm də azarkeşlər üçün ən uyğun seçimlərdən biridir.

Bəs Böyük Britaniya Xarici İşlər Nazirliyinin "tövsiyəsini" necə izah etmək olar? Əlbəttə, tələskənliyə yol verilmiş, hansısa anti-təbliğat, yaxud qara piar kampaniyasının təsiri altında səsləndirilmiş bəyanat kimi. Azərbaycan ictimaiyyətinin və cəmiyyətinin sosial qruplarının nümayəndələri isə bu açıqlamanı çox məntiqsiz və əsassız hesab edərək, bu barədə münasibətlərini ifadə edib, fikirlər səsləndirmişlər. İctimai fikri ümumiləşdirərək, "Azərbaycan naminə birləşək!" şüarı ilə xoşməramlı təbliğat kampaniyasının təşkili barədə təşəbbüs irəli sürürük. Təklif edirik ki, bu kampaniyada iştirak edən hər bir azərbaycanlı, hər bir vətəndaş və ya KİV nümayəndələri xarici partnyorlarına, xaricdə mövcud olan tanıdığı hər hansı əlaqə subyektinə, rəsmi və qeyri-rəsmi elektron ünvana, ictimai qurumlar, ölkəmizdə olan bütün diplomatik və digər xarici nümayəndəliklərə və onların mərkəzi ofislərinə müraciət etsin, "Azərbaycan naminə birləşək!" şüarı ilə 10 gün ərzində Azərbaycanın turizm potensialı, mədəni və sosial həyatı ilə bağlı materiallar göndərərək, vətəndaş mövqeyi ortaya qoyaq.

Azərbaycan haqqında istənilən bir fikrə fakt və arqumentlə ölkəmizin turizm potensialı barədə məlumat verərək, xarici dostlarımızı və dost olmayanları Azərbaycana səyahətə dəvət edirik. Böyük Britaniya vətəndaşlarını və dünyanın bütün səyahət həvəskarlarını Bakıya və Azərbaycanın digər əyalətlərinə dəvət edirik. Bunun üçün yüksək səviyyədə qurulmuş infrastruktur mövcuddur, lakin Azərbaycana səyahət etmək istəyən istənilən avropalını əmin edirik ki, "Əgər bizim vətənimizdə istənilən bir qapını döyüb qonaq olduğunuzu desəniz, Sizi hər bir ev sahibi evinin ən yaxşı otağında qonaq edərək, ən ləziz yeməklərini süfrəyə düzəcək".

"Region" Analitik İnformasiya Mərkəzi

"Səs" qəzetinin sifarişi ilə

Bütün xəbərlər Facebook səhifəmizdə