İsa Həbibbəyli: "Ölkəmizdə dialoq üçün geniş əsaslar və tarixi ənənələr var"

"Azərbaycan dövləti hər zaman mədəniyyətlərarası dialoqun inkişafında aparıcılıq mövqeyini ortaya qoyub və əsas təşəbbüskar kimi çıxış edib". Bu fikirləri millət vəkili, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Bakıda "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işə başlamasını şərh edərkən deyib. Onun sözlərinə görə, bu xüsusda ilkin faktor cəmiyyətlərin multikultural dəyərlərə önəm verməsi, bu yöndə fəaliyyət göstərməsidir: "Bu baxımdan, qeyd etmək istərdim ki, ayrı-seçkiliyə, qeyri-bərabərliyə və zorakı münaqişəyə qarşı ən güclü mübarizə üsulu məhz multikulturalizm və tolerantlıq mühitinin yaradılmasıdır." Akademik həmçinin qeyd edib ki, ölkəmizdə bu istiqamətdə davamlı işlər aparılır: "Multikulturalizmin geniş mənada mahiyyəti ondan ibarətdir ki, dövlət cəmiyyətdəki müxtəlif və bir-birindən fərqli mədəniyyətlərin daşıyıcıları olan fərdlər, yaxud sosial qruplar arasında fərq qoymur, onların heç birini digərindən üstün, yaxud aşağı hesab etmir və bütün mədəniyyət daşıyıcılarına bərabər hüquqlar tanıyır. Başqa sözlə desək, dövlət cəmiyyətdə olan mədəni dəyərlərə birbaşa müdaxilə etmir və dövlət tərəfindən əvvəlcədən formalaşdırılmış mədəni dəyərlər sistemini cəmiyyətə yeritmir. Bu məsələdə sosial subyektlərə bir növ sərbəstlik tanıyır. Prezident İlham Əliyevin yürütdüyü siyasətin tərkib hissələrindən biri də bu kimi önəmli məsələlərdir ki, Azərbaycan bütün dünyaya öz yüksək dəyərlərini təqdim edir". İsa Həbibbəyli Bakıda belə bir Forumun keçirilməsinin önəmli olduğunu və yüksək qiymətləndirildiyini bildirib: "Bu, artıq xoş bir ənənə şəklini alıb. Burada müzakirə olunan məsələlər olduqca mühümdür. Multikulturalizm məsələsi ətrafında müzakirələr də çox maraqlı mövzuları əhatə edir. Həmçinin, bu tədbirdə, elmin, mədəniyyətin, ictimai həyatın müxtəlif sahələrində çalışan təcrübəli insanlar bir-biri ilə görüşərək fikir mübadiləsi aparmağa, öz təcrübələrini bölüşməyə imkan tapırlar. Məsələ bundadır ki, dünyada sivilizasiyalararası konfliktlər gündən-günə daha da ağırlaşır və onların müzakirə edilərək həllinin tapılması aktual məsələyə çevrilir. Belə problemlərin həllində isə dövlətlərarası dialoqun rolu böyükdür. Mən deyərdim ki, sivilizasiyaları, müxtəlif xalqları bir araya gətirən belə forumların Azərbaycanda keçirilməsi ölkə üçün böyük uğurdur".

Millət vəkili Azərbaycanın Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərə ev sahibliyi etməsini dünyada sülh və sabitlik yaradılması işinə mühüm töhfələr verdiyini vurğulayıb: "Biz artıq yaxşı bilirik ki, Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayıblar. Ölkə dünyada özünün tolerantlığı ilə ad qazanıb. Habelə, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti sayəsində Bakı mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında dialoqun mərkəzinə çevrilib və bu baxımdan Azərbaycan şanslı ölkədir. Çünki, ölkəmizdə dialoq üçün geniş əsaslar və tarixi ənənələr var ki, bu da bizə öz imkanlarımızı genişləndirmək, dünyada sülhün təbliğatçısı qismində çıxış etmək üçün əlavə imkanlar verir. Baxmayaraq ki, Azərbaycan müharibə şəraitindədir, torpaqları işğal olunub, lakin dünya ölkəmizin mədəni dəyərlərə sahib çıxdığını, bütün addımlarında dialoq prinsiplərini gözlədiyini görür".
İsa Həbibbəyli onu da xatırladıb ki, hələ 2008-ci ildə "Bakı prosesi"nin əsası qoyulmuşdur: "Bakı prosesi həmin ildə Bakıda keçirilmiş Avropa Şurası mədəniyyət nazirlərinin toplantısında İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin iştirakı ilə başlayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu müsbət təcrübə artıq ona gətirib çıxardı ki, Bakı prosesi başlandı. Ondan sonrakı dövrdə digər beynəlxalq tədbirlər keçirildi və nəhayət, Beynəlxalq Bakı Forumu artıq bütün dünyaya sülh, tolerantlıq və multikultural çağırışları edir. Əlbəttə ki, bu bizim dövlətin, Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu, məqsədyönlü və qətiyyətli siyasətinin məntiqi nəticəsidir".

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə