“Meydan TV” erməni direktivlərini icra edir!

Ələkbər Əliyev: “Emin Milli getdi, başqası gəldi – bunlar dekorasiyadır”

“Meydan TV”nin yarandığı vaxtdan hazırkı zamana qədər yalnız anti-Azərbaycan xarakterli siyasi qüvvələrin sifariş və təlimatlarını müəyyən qrantlar müqabilində həyata keçirməsi kimsəyə sirr deyil. O cümlədən, bu TV-nin zaman-zaman işğalçı Ermənistanın mövqeyinə bəzən sətiraltı, bəzən isə açıq formada dəstək göstərməsi - misal üçün, bir vaxtlar saytında qondarma “DQR”in bayraq və xəritəsini yayması, habelə erməni QHT rəhbərləri ilə əməkdaşlıqları barədə də mediada çoxsaylı faktlar, dəlillər və sübutlar mövcuddur. Belə olan halda, iş prinsipini yalnız və yalnız Azərbaycan dövlətinin və xalqının maraqları əleyhinə yönəldən “Meydan TV” və onun hazırda istefa vermiş rəhbəri Emin Milli fəaliyyətini başqa sferada davam etdirəcəyini desə də, bu qurumun xəyanətkar mahiyyəti dəyişilməmiş qalıb.

“Meydan TV”nin “Azadlıq Radiosu”ndan, “BBC”dən, "Amerikanın səsi"ndən heç bir fərqi yoxdur”

SİA xəbər verir ki, “Meydan TV” ilə bağlı İsveçrədə yaşayan müxalif yönümlü yazar Ələkbər Əliyevin maraqlı fikirləri ictimailəşdirlib. Onun sözlərinə görə, adıçəkilən media qurumu hazırda Qərb dövlətlərinin idarəsi altındadır.Saytın və TV-nin Qərb fondlarının tabeçiliyinə keçdiyini bu günə qədər də yüksələn xətlə, yaxşı maliyyə imkanları ilə fəaliyyət göstərdiyini deyən Ə.Əliyev bildirib ki, saytın Azərbaycanla heç bir orqanik bağı yoxdur. SİTAT: “Diqqət edin bu pisdir, yaxşıdır demirəm. Qiymət vermirəm. Sadəcə olduğu kimi dilə gətirilməsini istəyirəm ki, "Meydan TV"-nin “Azadlıq Radiosu”ndan, “BBC”dən, "Amerikanın səsi"ndən heç bir fərqi yoxdur. Bu sayt da digər üç qurum kimi, xaricilərə tabe olan, onların direktivləri ilə otutub-duran, siyasəti tamamilə Qərbdə təyin olunan layihədir. Bunun deyilməməsi ədalətsizlikdir. Bu sıradan bir qrant, hansısa fonddan alınan 3-5 avro deyil, bu qədər məsum deyil yəni. Bütün bosslar tamamilə xaricilərdir”.

“Necə ki, bundan əvvəl Emin Milli "Meydan"-da heç nəyi həll etmirdi, bundan sonra da heç bir azərbaycanlı bu saytda heç nəyi həll etməyəcək…”

Müxalifət baxışlı yazarın sözlərindən də aydın görünür ki, bu qurum bilavasitə anti-milli qüvvə kontekstindən çıxış etməklə yanaşı, o cümlədən, xarici təşkilatların əmr quluna çevrilib. Əbəs deyil ki, bu məsələdə “Qərbdə təyin olunan layihə” fikri özəllik təşkil edir. Nəzərə alarsaq ki, bu gün məhz Qərb ölkələrində erməni lobbisinin fəaliyyəti kifayət qədərdir və lobbinin əsas siyasi maraq dairəsi Azərbaycan dövlətinin yürütdüyü qətiyyətli, güclü siyasətə qarşıdır, bu zaman “Meydan TV”dəki xarici şəxslərin siyasi direktivlərinin müəyyənləşdirilməsində, təlimatların verilməsində də bu həqiqət az rol oynamır. Ə.Əliyev bu amili önə çıxararaq, əslində reallığı tam çılpaqlığı ilə ortaya çıxarmış olub.

Ona görə də, E.Millinin adıçəkilən qurumdan getməsinin mahiyyətcə heç nəyi dəyişmədiyini iddia edən müxalifətçi yazar həmçinin bildirib ki, hətta o TV-yə və sayta rəhbərlik edəndə də asılı vəziyyətdə olub: “Emin Milli getdi, başqası gəldi – bunlar dekorasiyadır. Necə ki, bundan əvvəl Emin Milli "Meydan"-da heç nəyi həll etmirdi, bundan sonra da heç bir azərbaycanlı bu saytda heç nəyi həll etməyəcək…”

Göründüyü kimi, bu reallıq kifayət qədər isbat edir ki, yalnız “Meydan TV”, deyil, eləcə də digər sosial şəbəkə və s. üzərindən yayımlanan medialar birbaşa Azərbaycan əleyhinə fəaliyyət göstərən siyasi çevrələrin, xüsusilə erməni lobbisinin buyruq qullarıdırlar. Məsələn, Qənimət Zahidin “Azərbaycan saatı”, Sevinc Osmanqızının “Osmanqızı” kanalı, yaxud Qurban Qurbanovun “Freedom Azerbaijan” tipli “layihələri” düşmənlərin mövqeyindən çıxış edir və buna xəyanətdən başqa ada da vermək olmaz.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə