Namiq Əliyev: “Xalq Cəbhəsinin içərisində olanlara, elə özləri “Avropanın uşaqları” deyirdilər” RƏY-ÖZƏL

“AXCP, Müsavat, KXCP, “REAL” və ADP daxilində hələ də, funksionerlərarası didişmələr gedir”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, bu siyasi qurumların içərisində xariclə ən sıx bağlı olanı, kənardan xeyli maliyyə vəsaiti ilə təmin ediləni Əli Kərimlinin başçılıq etdiyi AXCP-dir: “Siyasətlə məşğul olanlar yəqin ki, xatırlayarlar, vaxtilə Xalq Cəbhəsinin içərisində olan bu adamlara, elə özləri “Avropanın uşaqları” deyirdilər. O zaman AXC-nin sədri Əbülfəz Elçibəyi mətbuatda təhqir edən, onu nüfuzdan salmağa çalışan, xəyanət edən, ilk dəfə olaraq, Cəbhə daxilində parçalanma yaradan da həmin “uşaqlar” oldular. Sual oluna bilər ki, bugünkü reallığı qoyub, keçmişi niyə xatırladırıq? Dilçilik elmində belə bir qayda var: əgər hansısa sözün sənin xalqına mənsub olmasını sübut etmək istəyirsənsə, o zaman bütün dövrlərdə həmin sözün sənin dilində necə işlənməsinin tarixini bilməlisən. Siyasətdə də belədir. Bu gün bir siyasi qüvvənin və ya siyasətçinin fəaliyyətindən baş açmaq istəyirsənsə, hökmən onun keçmişini araşdırmalısan. İndi AXCP dünyada gedən siyasi proseslərdən baş çıxarmağa çalışan digər müxalif siyasi cinahları özünə tabe etdirmək istəyir. Bu arzu baş tutmayanda isə onların hamısını “iqtidara satılmış partiyalar” elan edirlər. Biz iddia etmirik ki, doğrudan da adıçəkilən partiyalar hakimiyyətlə əməkdaşlıq edirlər. Lakin ortaya beynimizi qarışdıran haqlı bir sual çıxır: Bütün çatışmazlıqlara baxmayaraq, müstəqilliyi qorumağa çalışan öz iqtidarına xidmət etmək yaxşıdır, yoxsa məqsədi sərvətləri ələ keçirməyə çalışan xarici güclərə? Dövlətlərini dağıdanların sonu Bir zamanlar İraqda “demokratik dövlət qururuq” deyə Səddamın heykəlinin uçurulmasında iştirak edən biri indi deyir ki, “bilməmişəm, səhv etmişəm”. Türkiyədə məlum dövlət çevrilişinə cəhd zamanı tankların qarşısında duran bir vətəndaşdan televiziya müxbiri soruşdu ki, niyə belə cəsarətli hərəkət etdin? O şəxs belə cavab verdi: “Gözümün qarşısına darmadağın edilmiş Suriya və onun Avropanın sərhədlərinə səpələnmiş, hər addımda təhqir olunan uşaqları gəldi”. Bəli, Suriyada, İraqda, Liviyada müxalifət hakimiyyət iddiasını həyata keçirmək üçün xarici güclərlə birləşdi və min illərlə mövcud olan dövlətlərini məhv etdilər. Türkiyədə isə xalq və müxalifətin əsas nümayəndələrindən biri olan MHP iqtidarın yanında duraraq, ölkəni dağılmaqdan və parçalanmaqdan xilas etdi. Zelenskinin xarici tərəfdaşları kimlər olacaq? Son günlər AXCP-nin öndə gedənləri və o cümlədən də rəhbəri Ə. Kərimli Ukrayna və Türkiyədə baş tutan seçkilərdə müxalifətin uğurlarını Azərbaycan cəmiyyətinə “dəyişikliyin qaçılmaz olması” kimi sırımağa çalışırlar. Amma bir acı həqiqəti unudurlar ki, həm Ukraynadakı Zelenski, həm də Türkiyədəki İmamoğlu AXCP-dəki kimi, “40 ilin liderləri” deyillər. Əgər AXCP qonşuda baş verənlərdən nəticə çıxarmaq istəyirsə, o zaman birinci olaraq özü və lideri yenilənməli, dəyişməlidir. Azərbaycanda ikinci bir siyasi partiya adı çəkmək mümkün deyil ki, o siyasi qüvvə AXCP və onun rəhbəri Ə. Kərimlidən razı olsun. Əgər ölkə daxilində həm iqtidar, həm də digər müxalif partiyalar AXCP-nin siyasəti ilə razı deyillərsə, onun hakimiyyət iddiası arzu və xəyal olaraq qalacaq”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə