"İndi dünya dövlətləri bizimlə hesablaşır" ÖZƏL-ŞƏRH

“Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət öz uğurlu nəticəsini göstərir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan həm Rusiya, ABŞ, həm də digər Avropa və Qərb ölkələri ilə, İranla müstəqil siyasət yeridir: “Ona görə də artıq Azərbaycanla hesablaşırlar. Təbii ki, biz bunun müsbət nəticələrini son illər daha aydın görürük. Buna da ancaq sevinmək lazımdır. Bu gün Ümummilli Lider Heydər Əliyevin həyata keçirmiş olduğu uğurlu xarici siyasət cənab Prezident tərəfindən yüksək səviyyədə davam etdirilir. Bu düzgün siyasətdir. Əgər biz qərbyönümlü, rusiyapərəst və yaxud iranpərəst siyasət yeritsəydik yəqin ki, indi çox pis vəziyyətdə qalardıq. Ona görə də bizim əsas strategiyamız Azərbaycançılıq və Azərbaycan dövlətinin inkişafıdır. Xarici siyasət də buna yönəldiyinə görə indi dünya dövlətləri bizimlə hesablaşırlar. Təbii ki, bu da Azərbaycanın uğurudur.

Azərbaycanın daha da güclənməsi Ermənistanın isə zəifləməsi gələcəkdə böyük dövlətlərin ölkəmizə olan marağını, o cümlədən Azərbaycanla əməkdaşlığı da artıra bilər. Son illər biz bunu Rusiya-Azərbaycan münasibətlərində görürük. Təbii ki, bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində gələcəkdə müsbət addımlar atmağa kömək edə bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə