"Anti-Azərbaycan qüvvələr ölkəmizin nüfuzuna xələl gətirə bilməz" AÇIQLAMA-ÖZƏL

“Bu gün Azərbaycan mürəkkəb tarixi mərhələdə, çətin və mürəkkəb geosiyasi şəraitdə Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət həyata keçirir, səmərəli təklif və təşəbbüsləri ilə dünyada sülhün, təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycanın müstəqil siyasət həyata keçirməsi, beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması, regionda söz sahibinə çevrilməsi dünyadakı anti-Azərbaycan qüvvələrini ciddi şəkildə narahat etdiyi də danılmaz faktıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Ölkə prezidenti İlham Əliyevin prinsipial, düşünülmüş, qətiyyətli siyasəti nəticəsində həyata keçirilən enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatlarının regionda sabitliyin təmin edilməsinə yeni töhfələr verdiyini deyən deputat söyləyib ki, ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr illərdir dayanmadan canfəşanlıq göstərərək, qarayaxma kampaniyaları ilə Azərbaycanın nüfuzunu ləkələməyə cəhd göstərirlər: “Ölkəmizin ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməklə çirkin əməllərinə öz çıxarları üçün siyasi müstəvidə araqarışdırmaqla məşğul olan qüvvələri də ortaq ediblər.

Qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda ölkəmizin parlaq gələcəyini proqnozlaşdıran yeni iqtisadi, sosial islahatlar anti-Azərbaycan qüvvələrinin xəbis ürəklərinə tikan kimi batır”.

N. Həmzəyev bildirib ki, Azərbaycanın uğurları, inkişafı, beynəlxalq aləmdəki möhkəmlənən yeri, Cənub-Qaz Dəhlizi layihəsi, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi, Fransanın “Opinion Way” sorğu şirkətinin anketlərində əksini tapan xalq-iqtidar birliyi nümunəsi erməni lobbisini və onların beynəlxalq havadarlarını narahat etməyə bilməzdi: “Məhz buna görə də məkrli qüvvələr Azərbaycana qarşı yeni təxribatlar hazırlayır, çirkin qarayaxma kampaniyaları həyata keçirməyə cəhd edir, ölkəmizin artan nüfuzuna ləkə gətirməyə çalışırlar”.

Deputat vurğulayıb ki, Azərbaycanın Avropa İttifaqı ilə imzalanacaq strateji tərəfdaşlıq sazişində Avropa İttifaqına üzv ölkələrin hamısı tərəfindən bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin öz əksini tapacağı anti-Azərbaycan qüvvələrini yenidən fəallaşmasına səbəb olub: “İşğalçı Ermənistan və onun lobbisi ilə əlaqədar olan şəbəkə ilə yanaşı Azərbaycandakı bəzi radikal müxalif qüvvələr də əl-ayağa düşməsi isə acınacaqlı haldır. Təəssüf doğuran odur ki, onlar bu sazişin milli maraqlarımıza cavab vermədiyini bildirərək ölkəmizə qarşı aparılan çirkin, şər, böhtan dolu kampaniyalara dəstək olurlar.

Lakin unudurlar ki, bu cür kampaniyalar hər dəfə olduğu kimi bu dəfə də özünü doğrultmayacaq. Çünki, vaxtaşırı Azərbaycana qarşı belə çirkin kampaniyaların erməni lobbisi və bəzi xarici dairələrin təsiri altında həyata keçirildiyi heç kəsə sirr deyil. Atalar məsəlində deyildiyi kimi “Yel qayadan nə aparar ki?!”

Anti-Azərbaycan qüvvələr istəsə də Azərbaycanın hər gün daha da artan nüfuzuna xələl gətirə bilməzlər”.

N. Həmzəyev qeyd edib ki, müstəqil Azərbaycan dövləti ardıcıl və prinsipial siyasət yeritməklə öz mövqeyini qətiyyətlə müdafiə edir, anti-Azərbaycan kampaniyası aparan qüvvələrə layiqli cavab verir: “Ölkəmiz hərbi, iqtisadi gücünü durmadan artıraraq, müstəqil və milli maraqlara söykənən mövqeyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini donmuş münaqişə halına salınmasına imkan vermir və torpaqlarımızın işğaldan azad olunması üçün əzm, qətiyyət nümayiş etdirir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə