Prezidentin Çinə səfəri yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb

Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak üçün Pekinə səfərini və keçirdiyi görüşlərə geniş yer ayırıb. SİA xəbər verir ki, dünyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik rəsmi “Jenmin Jibao” qəzeti, bir milyard tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), nüfuzlu "China Daily" qəzeti, 50-dən çox dildə yayımlanan Çin milli radiosu, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşlərinə dair bir neçə dəfə xəbərlər verib, reportajlar yayımlayıblar.

Bundan başqa, Sinxua agentliyi Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan xüsusi material da hazırlayıb.

Materiallarda Azərbaycanın Avrasiya regionunda Çinin vacib tərəfdaşı olmasından, ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirakından bəhs edilir. Qeyd olunub ki, iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. "Bir kəmər, bir yol" strategiyası iki ölkənin əməkdaşlığı üçün yeni və geniş imkanlar yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə