"Səfər Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verəcək” ŞƏRH-ÖZƏL

“Çin nüvə silahına malik böyük bir dövlətdir. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin öz regionunda və dünya siyasətin, beynəlxalq münasibətlər sistemində təsir edici oyunçudur. Bu baxımdan Azərbaycan-Çin münasibətlərinin inkişafı ölkəmiz üçün önəmlidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Çinin də Azərbaycanla münasibətlərinin inkişafına maraqlı olduğunu deyən politoloq söyləyib ki, “Bir kəmər bir yol” layihəsi həm Azərbaycana, həm Çinə həm də layihədə iştirak edən digər ölkələrin iqtisadi sosial vəziyyətinin yaxşılaşdırmağa istiqamətlənib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsinin hər iki ölkə üçün müsbaət nəticələri olacaq.

Prezident İlham Əliyevin Çinə səfərini xatırladan F. Sadıqov bildirib ki, səfər zamanı təkcə sözügedən layihə ilə bağlı müzakirələr deyil, eləcə də dövlət başçısının Çinin rəhbər şəxsləri ilə keçirdiyi görüşlər mühüm əhəmiyyət kəsb edir: “ Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında münasibətlərin inkişafı gündəmdə idi. Hesab edirəm ki, bundan sonra Azərbaycan-Çin münasibətlərinin bir neçə istiqamətdə inkişafı baş tutacaq”.

Politoloq qeyd edib ki, ümumiyyətlə bu cür səfərlər və güclü ölkələrin dövlət başçıları ilə münasibətlərin inkişafı mühüm nailiyyətlərə, uğurlara yol açır: “Bu baxımdan Çinə səfəri məqsədə uyğun hesab edir və əminəm ki, bu səfər ölkəmizin daha da inkişafına mühüm töhfələr verəcək”.

Çinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə gəlincə, F. Sadıqov vurğulayıb ki, Çin xarici siyasətində neytral mövqeyə malik olsa da, rəsmi Pekin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib: “Bu çox önəmli bəyanatdır və Azərbaycan bunun yüksək qiymətləndirir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə