"Paşinyan hələ Rusiya tərəfi ilə necə danışacağını bilmir" ÖZƏL-RƏY

"Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 29-da Qazaxıstanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin Yüksək Səviyyəli Şurasının iclası çərçivəsində görüşü gözlənilir. Lakin mən bu görüşdə hansısa irəliləyişin olacağını gözləmirəm. Əgər Putin Paşinyanla görüşməsəydi, o bunu az qala düşmənçilik kimi qəbul edə bilərdi. Yəni Putin Ermənistan-Rusiya münasibətlərində əlavə söz-söhbətə imkan verməmək üçün Paşinyanla görüşəcək. Hal-hazırda Rusiyanın Ermənistanla bağlı siyasi, iqtisadi cəhətdən nəyinsə reallaşdırılmasına hazırlaşmasını görmürəm". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, mayın 29-da keçiriləcək görüşə çox az vaxt qalıb: "Əgər Rusiya Ermənistanla münasibətləri normalaşdırmaq istəsəydi, bu günə qədər gərək ki, Moskvada yaşayan iri ermənilər Ermənistana gəlməli idi. Hal-hazırki vəziyyətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın mövqeyi Azərbaycanın xeyrinədir. Moskva görüşündən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanlı həmkarı Elmar Məmmədyarovun dediklərinə açıq-aşkar dəstək verdi və müdafiə etdi. Eləcə də Azərbaycanın Rusiyadakı diaspor təşkilatları da Putinə Dağlıq Qarabağ məsələsi ilə bağlı müraciət ünvanlayıb. Yəni bu fonda Putinin Paşinyan üçün nəsə etməsini gözləmirəm. Ümumiyyətlə heç Paşinyan özü də bilmir ki, Rusiya tərəfi ilə necə danışmaq lazımdır. O bir tərəfdən Rusiyaya yalvarır, yaltaqlanır amma digər tərəfdən Ermənistan müdafiə nazirini ABŞ-a göndərir və bəyanat yayılır ki, “biz yenidən müharibə etməliyik və yeni ərazilər əldə etməliyik”. Axı niyə David Tonoyan o bəyanatı Rusiyada dörd dəfə olarkən vermədi amma ABŞ-da verdi. Çünki ABŞ istəyir ki, bu regionda müharibə olsun. Bilirsiniz ki, Amerika Gürcüstanda, Ukraynada müharibəyə hazırlaşır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə