"Ermənilər iç üzlərini gizlədirlər" ÖZƏL-ŞƏRH

"Ümumiyyətlə, ermənilər qondarma “erməni soyqırımı” məsələsini gündəlikdən çıxarmayacaqlar. Bu heç bir zaman olmayacaq. Nə qədər ki, ermənilər və ermənilik var, eyni zamanda ermənilərin bu yalan qondarma, saxta hərəkətinə havadarlıq edənlər var, onlar həmişə bunu gündəmdə saxlayacaqlar. Bununla onlar uzun illərdir ki, yaşayırlar və müxtəlif ianələr, dilənçilik edərək pul qazanırlar. Bir sözlə, onlar özlərinin vəhşi hərəkətlərini və iç üzlərini gizlədirlər. Həqiqətdə bu, tarixçilərin və tarixçi alimlərin işidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, bununla bağlı arxivlər açılmalıdır: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman deyir ki, “bizim arxivlərimiz açıqdır. Əgər ermənilərin arxivləri varsa, açsınlar və yaxud üçüncü dövlətlərdə bu məsələ ilə bağlı hansı sənədlər varsa, üzə çıxarsınlar”. Yəni bu sahədə hesab edirəm ki, Azərbaycan tarixçiləri və tarixçi alimləri daha çox iş görüblər. Dünyanın müxtəlif dövlətlərindən – Rusiyanın, Almaniyanın, Fransanın, İngiltərənin, ABŞ-ın və s. arxivlərində bu məsələ ilə bağlı olan sənədləri bizim alimlərimiz gətirib. Onlar kifayət qədər araşdırmalar aparıblar və əsərlər yazılıb. Bunların hamısı göstərir və sübut edir ki, həqiqətdə “soyqırımı”nı ermənilər Türkiyə və Azərbaycan ərazisində törədiblər. Bunun da səbəbkarları, törədiciləri ermənilər olsa da, ancaq ermənilərdən də az günahkar olmayan bu məsələdə o dövrdə dövlətlər olub. O dövrdə ermənilərə havadarlıq edən, onları təlimatlandıran, təşkilatlandıran, silahlandıran dövlətlər Çar Rusiyası, Fransa, İngiltərə, Amerika olub. Bunlar erməniləri tam əmin ediblər ki, siz Türkiyə daxilində bu ölkəyə qarşı üsyan qaldırın və biz sizə Türkiyə ərazisində dövlət yaradacayıq. Bunlar kütləvi surətdə türkləri, azərbaycanlıları və başqa millətləri məhv edərək “soyqırımı”nı törədiblər. “Soyqırımı”nı ermənilər onlara havadarlıq edənlərin vasitəsi ilə törədib.

Biz nə etməliyik? Biz 100 ildən də artıq bir müddətdə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi bütün kütləvi qırğınları, “soyqırım”ları, vəhşilikləri sənədlərlə üzə çıxarıb bütün beynəlxalq təşkilatlarda, bütün dünya qarşısında sübut etməliyik. Artıq 20 ildən çoxdur ki, biz bunu edirik. Ümummilli Lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş və cənab Prezident İlham Əliyev bunu davam etdirir. Eyni zamanda Türkiyə Cümhuriyyəti bu sahədə işlərini görür".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə