"Bunlar ölkəmizə qarşı qısqanclıqdan doğur" AÇIQLAMA-ÖZƏL

“Çox təəssüf ki, Azərbaycanı sıxışdırmaq, inkişafına kölgə salmaq, dünyada formalaşan müsbət imicinə, yüksək nüfuzuna, qazandığı nailiyyətlərə kölgə salmaq üçün istər ölkəmizdə, istərsə də xaricdən idarə edilən müəyyən qüvvələrin qrantlar almaq hesabına irəliyə atdığı cəfəng düşüncələrin davamlı olaraq şahidi oluruq. Növbəti sosial şəbəkələrdə, AŞPA-da qaldırılan məsələlər ölkəmizə qarşı qısqanclıqdan doğan tendensiyanın əlamətidir. Biz bunun bu cür qiymətləndiririk”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O bildirib ki, bu gün Azərbaycan regionun, dünyanın ən sürətlə inkişaf edən dünyəviləşən, qloballaşan, bütün dinlərə, dillərə öz ölkəsində yer verən, hüquq və azadlıqların qorunduğu ,söz azadlığına xüsusi diqqət verən bir ölkədir.

Deputat söyləyib ki, əgər bu gün bir ölkədə 5 min adda mətbu orqanı qeydiyyatdan keçibsə, müxtəlif internet və televiziya kanalları fəaliyyət göstərirsə, ən azından hər birimizə ölkənin tanınan, cəmiyyətin hörmət etdiyi populyar insanlara sosial şəbəkələr açıqdırsa və bunun üçün heç bir məhdudlaşdırıcı tədbir görülmürsə bunun özü demokratiyanın bariz nümunəsidir.

J.Əliyeva vurğulayıb ki, belə olan halda, ölkəmizlə bağlı səbəbi, əsası olmayan uydurmalar, günahlandırmalar qısa müddətə olsa da Azərbaycanın imicinə toxunmaq, formalaşan müsbət nüfuzuna zərrə qədər də olsa ziyan gətirmək məqsədi daşıdığını deməyə əsas verir: “Birmənalı olaraq biz bunu qəbul etmir, xalqımız, cəmiyyətimiz sağlam düşüncəli insanlardır və onlar ağı qaradan seçməyi bacaraq. Xalqımız birmənalı olaraq öz dövlətinin hakimiyyətinin yanındadır. Ona bugünkü stabil həyatı təmin edən, gələcəyini, övladlarının, ailəsinin əmin-amanlığını təmin edən gücdə olan dövlətin iqtidarın yanındadır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə