"Sərəncam müharibə veteranlarına diqqət və qayğının bariz nümunəsidir" RƏY-ÖZƏL

“Ölkə başçısının 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncamı dövlətimizin və Prezident İlham Əliyevin müharibə veteranlarına diqqət və qayğısının bariz nümunəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, sabiq polkovnik Cəlil Xəlilov deyib.

Təşkilatın sədr müavini söyləyib ki, Prezident İlham Əliyev dövlət başçısı seçildiyi dövrdən hər zaman veteranlara, müharibə əlillərinə, arxa cəbhədə fədakar əməyi ilə fərqlənən insanlara qayğı ilə yanaşıb.

Onun sözlərinə görə, faşizm üzərində qələbənin ildönümləri ərəfəsində veteranların və onların ailələrini nəzərdə tutan mühüm sosial fərman və sərəncamlar bunun əsas göstəricisidir: “Ölkə başçısı faşizm üzərində qələbənin 74-cü ildönümü ərəfəsində də hər kəsin ürəyincə olan sərəncam imzaladı. Sərəncama görə, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək ”.

Veteranların və onların ailələrinin dövlətimiz tərəfindən onlara göstərilən diqqəti yüksək qiymətləndirdiyini deyən C. Xəlilov söyləyib ki, Azərbaycanda bu qəbildən olan şəxslərə lazımi şərait yaradılıb: “Bildiyiniz kimi Böyük Vətən Müharibəsi iştirakçılarının hamısı mənzil və avtomobillə təmin olunublar. Reabilitasiya mərkəzlərində onlar üçün bütün lazımi şərait mövcuddur. Yerli orqanlar, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmişə bu insanları diqqət mərkəzində saxlayır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə