"Çin ilə münasibətlərimiz çox yüksək səviyyədədir" ÖZƏL-ŞƏRH

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasında səfərdədir. Bildiyiniz kimi, bu səfər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində keçirilən 2-ci beynəlxalq konfransda iştirakla bağlıdır. Bu səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının rəhbəri Si Cinpinlə görüşü keçirildi". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, bu görüş bir daha sübut etdi ki, iki dövlət arasında münasibətlər çox yüksək səviyyədədir: "Təsadüfi deyildir ki, Çin dövlətinin başçısı cənab İlham Əliyevi Çin dövlətinin dostu adlandırdı. Eyni zamanda dövlət başçımız da söylədi ki, Azərbaycanda da Çin dövlətinin rəhbərini çox yüksək qiymətləndirirlər və özlərinin dostu hesab edirlər. Eyni zamanda ikitərəfli münasibətlərimizin geniş spektri üzrə çox geniş məsələlər müzakirə edildi. Həm Çinin dövlət başçısı ilə, həm də Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvləri görüşlər oldu. Bu görüşlər həm siyasi dialoq, ticari, iqtisadi münasibətlərin inkişafını, həm də Azərbaycanın İpək Yolu dövləti olaraq “Bir kəmər, bir yol” layihəsi çərçivəsində iştirakı məsələlərini əks etdirirdi.

Azərbaycan Prezidentinin 2015-ci ildə Çinə səfəri bizim ikitərəfli münasibətlərimizin daha yüksək səviyyəyə çatdırılması üçün çox ciddi hüquqi normativ baza da yaratmışdı. O zamandan etibarən münasibətlərimizdə artıq müsbət tendensiya daha da güclənib. Hesab edirəm ki, bu səfər də nəticə etibarilə Azərbaycan-Çin əlaqələrinin iqtisadi inkişafı üçün daha geniş imkanlar açacaq. Xüsusilə də Azərbaycanın şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi və bu layihənin reallaşmasında xüsusi rola malik olması ilə seçilir. Eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi nəticə etibarilə Çinlə Avropa arasındakı məsafəni son dərəcə qısaltmışdır. Çində gələn yüklər Azərbaycandan keçməklə Avropaya və əks istiqamətdə reallaşdırılmaqdadır. Təbii ki, bu reallıqlar da Azərbaycan-Çin əlaqələrinin inkişafı üçün çox unikal imkanlar yaradır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə