"Azərbaycanın inkişafı Çinin diqqətini cəlb edir" ÖZƏL-ŞƏRH

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasında yüksək səviyyəli tədbirdə iştirakı Azərbaycan dövlətinə verilən qiymətlə bağlıdır. Çünki “Bir kəmər, bir yol” layihəsi şərqlə-qərbin birləşdirilməsini nəzərdə tutmaqla yanaşı, hər mərhələdə olan texniki, hüquqi, eləcə də məsuliyyət səviyyəsinin yüksək tələblərə cavab verməsini özündə əks etdirməklə bu gün günün əsas məsələlərindən hesab olunur". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycanın bir dövlət kimi inkişafı, onun iqtisadiyyatının inkişafında qazandığı nailiyyətlər dünyanın böyük dövlətlərinin, o cümlədən Çinin diqqətini cəlb edir: "Heç də təsadüfi deyil ki, cənab Prezident səfərinin ilk günü Çinin rəhbəri tərəfindən qəbul edildi. Həm bu tədbirin gündəliyi, həm də Çin-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Heç bir şübhə yoxdur ki, cənab Prezidentimizin bu tədbirdə iştirakı Azərbaycanın daha da geniş tanınmasına, ölkəmiz barəsində dünyanın daha geniş məlumatlar əldə etməsinə, ən əsası isə siyasi, iqtisadi əlaqələrin daha da genişlənməsinə gətirib çıxardacaqdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə