YAP Səbail rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anıldı

Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı qadınlar şurası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirib.

Tədbir iştirakçıları ilk öncə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb: "1985-ci ilin bahar günündə dünyasını dəyişən, parlaq amalların, nəcib duyğuların, tükənməz həyat eşqinin təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanım Əliyevanın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il ehtiramla anılır. Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə, Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndər Heydər Əliyevə mənəvi dayaq, arxa olmuşdur. Akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir".
Tədbirdə YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, ali dərəcəli həkim, Zərifə Quliyeva çıxış edərək görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən söz açaraq bildirib ki, Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin həm vəfalı ömür-gün yoldaşı, həm də sədaqətli dostu, etibarlı silahdaşı olmuşdur: "Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır. Bu gün dövlət başçısı İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır".
Tədbirdə YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri Təranə Kərimova akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb.
Tədbirdə professor, şair Paşa Qəlbinur, millət vəkili Hadı Rəcəbli və digərləri çıxış edərək bildiriblər ki, Zərifə xanım hər zaman nursuz gözlərə işıq paylamaq, füsunkar gözəlliyə həsrət qalan insanların gözlərinə həyat eşqini qaytarmaq arzusunda olub və Onun nurlu xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə