Dövlət başçısının Sərəncamına əsasən, İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin, şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır.Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İkinci Dünya müharibəndə od-alov püskürən cəbhələrində ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına da Azərbaycanda böyük sayğı var. Veteranlara ikinci həyatı isə öz diqqət və qayğısı ilə Ulu Öndər Heydər Əliyev bəxş etmişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət heç kimin yadından çıxmayıb, AXC-Müsavat iqtidarı dövründə, hətta 9 May Qələbə Gününü də ləğv etmək fikrində idilər. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu ədalətsiz münasibət aradan götürüldü, ədalət bərpa olundu və veteranlara layiq olduqları hörmət göstərilməyə başlandı. "Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur", - deyən Dahi Öndər Heydər Əliyev müharibə veteranlarını "xalqımızın qızıl fondu" adlandırırdı. Belə ki, xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərmişdir. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illərin alovunu Azərbaycanın hər bir vətəndaşı yaşıyıb. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək, bu meydanda fəal iştirak edib.Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranları qayğılarına həssaslıqla yanaşır. Azərbaycanda hazırda 1000 nəfərdən artıq Böyük Vətən müharibəsi veteranı yaşayır. 9 may faşizm üzərində qələbədən 74 il ötsə də, həmin illərin ağrısını-acısını yaşayan insanlar hələ də var. Həmin illərdə baş verən hadisələrin, müharibənin şahidi və iştirakçısı olan insanların qələbə istəyi ilə Berlinə qədər getməsi, fədakarlığı və ərənliyi torpaqlarımızın 20 faizini işğal alğında olduğu bir zamanda bugünkü gənclərə örnəkdir.1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 (min) manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin növbəti bariz nümunəsidir.

Nəzakət BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə