Paşinyan yenə küçə "siyasəti"ndən əl çəkmir

İlham Əliyev: "Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcəkdir"

Son günlər Ermənistan daxilində yaranmış gərgin vəziyyətin istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi müstəvidə təhlili göstərir ki, işğalçı ölkə uçurumla üz-üzədir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi vədləri yerinə yetirə bilməməsi artıq erməni xalqı tərəfindən qəzəblə qarşılanır. Necə deyərlər, bıçaq sümüyə dirənib. Artıq erməni xalqı oturaq mitinq keçirmək qərarına gəlib. Paşinyan tərəfindən bir hərəkət belə hiss olunmaması onu bir daha sübut edir ki, işğalçı ölkənin baş naziri etirazları səngitmək üçün sələflərinin taktikasından istifadəyə daha çox meyllənir. Söhbət cəbhədə gərginliyi artırmaqla diqqəti daxili problemlərdən bu istiqamətə yönəltmək cəhdlərindən gedir. Görünür, Paşinyan hələ də küçə "siyasəti" aparmaqla, baş verənlərə görə məsuliyyəti hələ də anlamır. Dərk etmir ki, istənilən təxribatı ona daha baha başa gələcək və bununla yanaşı, düşmən təxribatı erməni ordusunda itkilərin sayını sürətlə artırır.

Erməni ictimaiyyəti Azərbaycan ordusunun qüdrətinə dəfələrlə bələd olub

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə erməni tərəfinə sərt xəbərdarlıqlar edərək bildirib ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz və iyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirib və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edib: "Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcək".
Qeyd edək ki, dövlət başçısı dəfələrlə xəbərdarlığını edib və bildirib ki, bu şəraitdə Paşinyan hökuməti cəbhə təxribatlarına getməyə davam edərsə, onda Azərbaycan daha sərt tədbirlər görməli olacaq. Bir məqamı dönə-dönə vurğulamaq lazımdır ki, tarixi aprel qələbəsindən sonra Ermənistan hökumətindən fərqli olaraq bu ölkənin cəmiyyəti hadisələrin qeyd olunan səpkidə inkişafından ciddi narahatdır. Xüsusilə əsgər analarının narahatlığı və növbəti dəfə aprel döyüşlərinin təkrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı yeni etirazlara rəvac verir. Çünki bütün erməni ictimaiyyəti Azərbaycan ordusunun qüdrətinə yaxından bələddir.

Ermənistanın xilası Azərbaycanın əlindədir

Ötən dövr çox aydın şəkildə göstərir ki, Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil. Bunu Ermənistanının istər əvvəlki, istərsə də bu günkü dövlət rəhbəri yaxşı anlayır. Bu gün müasir Azərbaycandan bəhs edərkən onu xarakterizə edən əsas cəhətlər sırasında ilk olaraq dünyanın ən sürətlə inkişaf edən, davamlı nailiyyətlərə imza atan ölkəsi olmasına xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir. Dinamik tərəqqisi Azərbaycanı artıq siyasi, iqtisadi cəhətdən nəinki regionda, daha böyük məkanda aparıcı ölkəyə çevrilməklə yanaşı, həmçinin dünyanın ən islahatçı ölkəsi sıralarındadır. Belə ki, Dünya Bankının hazırladığı "Doing Business" hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülməsi və ən islahatçı ölkə elan olunması deyilənlərin reallığıdır.
Ermənistan isə daha böyük problemlərlə üzləşməkdədir. Belə olan halda aydındır ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir.
Bir sözlə acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan necə deyərlər Ermənistanı iflasdan iflasa sürükləməkdədir. Nə qədər ki, Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə