Azərbaycan dünyanın ən islahatçı ölkəsidir

"Doing Business" hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım təmin olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Bunun nəticəsidir ki, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi ilbəil yaxşılaşır. Belə ki, Dünya Bankının hazırladığı "Doing Business" hesabatında Azərbaycan dünyanın 90 ölkəsi arasında 25-ci yerə layiq görülüb və ən islahatçı ölkə elan olunub. Azərbaycanın növbəti ildə də "ən islahatçı ölkə" statusunu qoruyacağı proqnozlaşdırılır. Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Doing Business 2020"yə dair islahat icmalının təqdimatında bu barədə məlumat verilib."Doing Business 2020"-ə dair islahat icmalında 11 indikator üzrə mövcud olan və daha sonra dəyişdirilən, sadələşdirilən prosedurlar haqqında ətraflı məlumat təqdim edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar həyata keçirilib. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, biznesə başlama, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılıb. Bu səbəbdən Azərbaycanın növbəti ildə də "ən islahatçı ölkə" statusunu qoruyacağı proqnozlaşdırılır.Qeyd edək ki, Dünya Bankı tərəfindən hazırlanan bu hesabatlarda Azərbaycan hər dəfə irəliyə doğru inamla yüksəlir. Əgər 2016-cı ildə Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2017" hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşmışdısa, "Doing Business 2018" hesabatında 8 pillə yüksələrək, 57-ci yerə qalxmışdı. 190 ölkənin biznes mühitini qiymətləndirən hesabata əsasən, Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri sayılırdı. Məhz Prezident İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar Azərbaycanın "Doing Business 2019" hesabatında yeni rekorda imza atması ilə nəticələnib.Son 15+1 ildə əldə olunan nailiyyətlər, ölkə Prezidentinin söylədiyi kimi: "Son 15 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib". Bu Prezident İlham Əliyevin düşünülmüş siyasətinin real nəticəsidir. Son 16 il ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb və bu, inkişafımızın əsasında dayanan fundamental və ciddi amildir. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir".

"Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

Prezident İlham Əliyev bütün çıxışlarında Azərbaycan vətəndaşına daima diqqət və qayğı göstərildiyini söyləyir. Elə aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında sakinlərlə görüşü zamanı dövlət başçısı bir daha bildirib ki, həyata keçirilən uğurlu inkişaf Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasına xidmət edir: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və çox çalışırıq ki, hər bir yerdə inkişaf olsun, quruculuq, abadlıq işləri aparılsın".Dövlət başçısı onu da bildirib ki, ölkəmizdə 15 min kilometr yol çəkilib: "Bu gün bu yollar həm insanlara xidmət göstərir, həm biznes imkanlarını genişləndirir, fermerlər üçün yeni imkanlar yaradır və yollar keyfiyyətli salınır. Çünki Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycanda yolların keyfiyyəti dünya miqyasında 34-cü yerdədir. Biz çalışırıq ki, hər bir sahədə ən yüksək standartları tətbiq edək və insanları narahat edən problemləri aradan götürək".

Verilən vədlər, görülən işlər...

Görüşdə Prezident İlham Əliyev bir daha vurğulayıb ki, bundan sonra da doğma xalqına daha çox diqqət yetirəcək: "Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır. Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır".Dövlət başçısı əldə olunan uğurların əsas səbəbi aparılan islahatlar nəticəsində həyata keçirildiyini deyib: "Ona görə islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır. Baxın, bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni, vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir, tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir... İndiki şəraitdə biz vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılması üçün yönəldirik. Təsadüfi deyil ki, keçən ilin aprel ayında prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Şəhid ailələrinə 11 min manat ödənişin təşkil edilməsi bizim niyyətimizi göstərir və bu ödənişlər aparılır. Ondan sonra qəbul edilmiş qərarlar, imzaladığım fərmanlar da bir məqsədi güdür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz. Çünki biz daha da yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır. Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq... Əlbəttə ki, islahatlar hərtərəfli olmalıdır - həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində".Bir sözlə, göründüyü kimi, milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini müəyyənləşdirən müstəqil Azərbaycan dünya düzənində özünəməxsus mövqeyini daim möhkəmləndirir. Ümumiyyətlə, çox doğru olaraq, Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir. Başqa sözlə desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq, ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Həyata keçirilən uğurlu iqtisadi islahatlar, reallaşan sosial-iqtisadi layihələr, onu deməyə əsas verir ki, Azərbaycan daim liderliyini qoruyub-saxlayacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə