Suraxanıda akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü silsilə tədbirlərlə qeyd edilir

Suraxanı rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər səhiyyə, təhsil, sənaye müəssisələrində davam edir. Növbəti tədbir rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 12 nömrəli Birləşmiş şəhər Xəstəxanasında keçirilib. Tədbirdə 12 nömrəli Birləşmiş şəhər Xəstəxanasının, 24 nömrəli Şəhər poliklinikasının və 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının kollektivləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan 12 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov bildirib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ölkəmizdə geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir.
Tədbirdə çıxış edən 24 nömrəli şəhər poliklinikasının baş həkimi Hacağa Bağırov, 8 nömrəli Birləşmiş Uşaq xəstəxanasının həkimi Mehriban Hüseynova, 12 nömrəli Birləşmiş şəhər Xəstəxanasının əməkdaşı Suqra Məlikova, Xəstəxananın həkimləri Sülhiyyə Səmədova, Fizzə Qənbərli akademik Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyəti, tibb sahəsində qazandığı uğurlar barədə ətraflı məlumat veriblər.
Tədbirdə Suraxanı rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev çıxış edərək qeyd edib ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə sanballı möhürünü vurmuşdur.
Bildirilib ki, hər kəsin qəlbinə yol tapmağı bacaran bu nəcib insan təkcə öz həmkarları ilə yox, sadə peşə adamları, alimlər, mədəniyyət və incəsənət xadimləri ilə də asanlıqla ünsiyyət qurur, həmişə ətrafında xeyirxahlıq mühiti yaratmağa nail olurdu. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyətin – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin anasıdır. Oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir.

ZÜMRÜD BAYRAMOVA







Bütün xəbərlər Facebook səhifəmizdə