"Ermənistanda investisiya mühitindən danışmağa dəyməz" AÇIQLAMA-ÖZƏL

“Paşinyanın hazırda əsas məqsədi Ermənistana pul axınını təmin etməkdən ibarətdir. Bu, ancaq kredit vasitəsilə, yaxud da donorluq yolu ilə mümkündür. Əks-təqdirdə hansısa investisiyadan danışmaq çox çətindir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloqun sözlərinə görə, əgər əvvəllər rus mənşəli erməni investorlar Ermənistana investisiya yatırmağa həvəs göstərirdilərsə, indi onlar da maraq göstərmirlər: “Ona görə də Paşinyan üzünü Qərbə tutur. Daxili siyasi məsələlərdə, sosial-iqtisadi məsələlərin həllində, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində vaxt udmağa çalışır”.

İ.Vəlizadə söyləyib ki, Paşinyanın hakimiyyətə gəlməsindən ötən bir il müddətində Ermənistanda mövcud olan problemlər hələ də aktual olaraq qalır: “Məxməri inqilab”ın sadə insanların həyatına təsir göstərəcəyi ilə bağlı ümidlər olsa da, nəticə ortadadır. Ötən müddət ərzində Paşinyan yalnız siyasi monopoliyanı təmin edib. Belə ki, "Qarabağ klanı" darmadağın edilib, ancaq iqtisadi problemlərin olması əhalinin müxtəlif təbəqələrinin indiki hakimiyyətə bir sıra suallar ünvanlanmasına səbəb olub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...