"Çin münaqişənin həlli ilə bağlı tövsiyə verə bilər" RƏY-ÖZƏL

" Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri və “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etməsi Azərbaycan üçün müsbət haldır ”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Çinin dünyanın mühüm iqtisadi gücü olduğunu deyən deputat söyləyib ki, Azərbaycan bu istiqamətdə Çinlə əməkdaşlıq etməklə ölkə iqtisadiyyatına mühüm töhfə verə bilər.

Deputat söyləyib ki, bununla yanaşı Azərbaycanın mühüm layihəsi, Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizi Çin tərəfindən istifadəyə verilə bilər ki, bunun nəticəsində Çin Avropanın Şimalına yol açmaq imkanı qazanacaq: “ Bu eyni zamanda Azərbaycanın Çinlə dəhliz sistemində birgə uğur qazanmaq şansı əldə etməsi deməkdir”.

A.Mollazadə qeyd edib ki, Azərbaycan artıq işləyən sistemi formalaşdırıb: “Artıq qatarlar Avropadan Asiyaya məhz ölkəmizin yaratdığı sistem vasitəsilə gedə bilər. Bununla yanaşı Çin Azərbaycanın Avropa və Asiyanı birləşdirə həm də avtomobil yolları sistemindən də bəhrələnə bilər”.

Deputat əlavə edib ki, Çin BMT Təhlükəsizlik Şurasının dəyərli üzvü kimi Azərbaycanın ərazi bütövlüyü məsələsində dəstək ola bilər: “ Biz bu istiqamətdə Çindən dəstək gözləyir və bu səfər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müvafiq tövsiyəsini verə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə