Azərbaycan tolerantlıq diyarıdır


Beynəlxalq aləmdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə, multikulturalizmə və s. verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumların üzvü oldu. Böyük nüfuza sahib olan Azərbaycana dünyanın istənilən qitəsindən nəzər saldıqda Odlar Diyarındakı həyat böyük marağa səbəb olur. Xüsusi ilə də dünyanın qarışıq bir dövründə bir məkanda yəhudilik, xristianlıq və islamın, eləcə də müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması bu marağın yaranmasına dəlalət edir. Tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən, irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə firavan həyat sürməsinə imkan yaradıb. Bu məkanda bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Bu ölkədə hər kəs mənsubiyyətindən, irqindən asılı olmayaraq azad nəfəs alır, sərbəst fəaliyyət göstərir. Əgər Azərbaycan ərazisində 2000-dən artıq məscid, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyətdədirsə, demək bu artıq tolerant mühitin mövcudluğunu tam əsaslandırır.
DÖVLƏTİN DİN SAHƏSİNDƏKİ SİYASƏTİ BEYNƏLXALQ HÜQUQUN PRİNSİPLƏRİNƏ VƏ NORMALARINA ƏSASLANIR
Bu gün Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirir. Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan həm ölkədə, həm də bütün dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq yaratmağı davam etdirməyi qarşıya məqsəd qoyub. Ölkəmizdəki multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənib, dini sahədə sabitliyə nail olunub, konfessiyalar arasında dözümlülük mühiti dövlət səviyyəsində qorunub saxlanılır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab edib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycanın azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar. Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub. Dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır. Bu ölkədə hər kəs mənsubiyyətindən, irqindən asılı olmayaraq azad nəfəs alır, sərbəst fəaliyyət göstərir. Azərbaycan ərazisində məscidlərin, pravoslav, katolik, gürcü-pravoslav kilsəsi, sinaqoq və digər ibadət yerləri fəaliyyəti multikultural mühitin mövcudluğuna tam əsaslanır. Azərbaycan "tolerant ölkədən tolerant dünyaya doğru" şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Həm buna tarixi-mənəvi haqqı olması, həm beynəlxalq nüfuzu, həm də gələcəyə yönəlik planları nöqteyi-nəzərindən Azərbaycanın qarşısına belə bir məqsəd qoyması təbii və zəruri prosesdir.
AZƏRBAYCAN XALQI MULTİKULTURAL TƏBİƏTİNƏ SADİQDİR
Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində ölkəmizə köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurmasına əlverişli zəmin yaradıb. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında iki koloniya salıblar. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evlər tikilirdi. Tarixi mənbələrdə göstərilir ki, sonralar Gəncə və Qazax qəzalarında almanların yeni koloniyaları- Georqsfeld (indi Şəmkirin Çinarlı qəsəbəsidi), Alekseyevka, Qrünfeld (indi Ağstafanın Həsənsu kəndidi), Ayxenfeld (indi Şəmkirin İrmaşlı kəndidi), Traubenfeld (indi Tovuz şəhəri), Yelizavetinka ( indi Agstafa şəhəri) və Marksovka yarandı.
XIX əsrin sonu-XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanların əksəriyyəti protestantlığa etiqad edirdilər. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə, məhz Helenendorfda (Xanlar ərazisində) tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi. Almanların Azərbaycana yerləşdirilməsindən sonra əlli il ərzində Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salınıb və alman ailələrinin sayı 3400-ü ötüb. Hazırda Şəmkir, Ağstafa, Xaçmaz, Göygöl və digər bölgələrdə çoxlu sayda alman abidələri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydiyyata alınıb və dövlət tərəfindən qorunur.
Almanlar məskunlaşdıqları və qaynayıb-qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irsi Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək, lazımınca qoruyub-saxlayıb. Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi təqdirəlayiqdir.
Bildiyimiz kimi, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı olduğunu bir daha təsdiqləmiş oldu. Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Alman şərqşünasları Azərbaycan xalqının möhtəşəm söz sənəti yadigarlarının dünya elm aləminə tanıdılmasında mühüm xidmətlər göstərmiş, alman memarları isə Azərbaycanda şəhərsalma mədəniyyətinə dəyərli töhfələr vermişlər.
AZƏRBAYCAN DİNLƏRARASI VƏ ÇOXMƏDƏNİYYƏTLİ HARMONİYANIN İNKİŞAFINA TƏKAN VERİR
Azərbaycan xalqı digər xalqlara qarşı həmişə tolerantlıq göstərib və bu gün də bu ənənə qorunub-saxlanılır. Dünyada terror, ksenofobiya, irqçiliklə bağlı münaqişələr baş verdiyi halda, birgə yanaşı yaşamaq haqqında təsəvvürlər, məhz bizim ölkədə genişlənir. Bir daha aydın olur ki, Azərbaycan əsrlərdir fərqli din və mədəniyyətlərin qovuşuğunda yerləşir, ölkədə tarix boyu tolerantlıq və multikulturalizm mövcud olub, müxtəlif etnik qrupların və dinlərin nümayəndələri burada sülh şəraitində birgə yaşayıblar. Terrorizmin baş alıb getdiyi dünyada, İslama qarşı hücumların artdığı və islamafobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ümumbəşəri və humanist ideyalarını təbliğ edir. Sülhə nail olmaq imkanlarına maneə törədən qeyri-sabit dövlətlər Azərbaycandakı əmin-amanlıqdan, tolerantlıq ənənələrindən bəhrələnməli, dünyanı buxovlayan qərəzli çıxışlara qarşı birgə iradə nümayiş etdirməlidirlər. Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən Azərbaycan kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Belə ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...