Azərbaycan Fransa əlaqələri genişlənir

Ölkəmizlə Fransa arasında əlaqələrinin inkişafından danışarkən humanitar sahədə olan əməkdaşlığı da vurğulamalıyıq. Bu əlaqələrin tarixi kökü olsa da, bu gün yeni müstəvidə inkişafdadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, tarix boyu dilindən, dinindən asılı olmayaraq insanları, xalqları birləşdirən humanitar sahəyə biz diqqətlə yanaşırıq: "Mən çox şadam ki, son illər Fransa ilə Azərbaycan arasında humanitar əlaqələr yeni səviyyəyə yüksəlmişdir. ...Azərbaycan dövləti Luvr muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub".Eyni zamanda, təhsil sahəsində də çox önəmli addımlar atılıb. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Azərbaycanın paytaxtı Bakıda fransız liseyi və Bakıda Fransız-Azərbaycan Universiteti fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmi şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib. Bu sırada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində tədbirlər bu şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirilir. Görülən işlər xalqlar və ölkələr arasında dostluq əlaqələrini genişləndirib. Bu münasibətlər qarşılıqlı hörmət və marağa əsaslanır.Azərbaycan-Fransa əlaqələrinin inkişafında mühüm rolu olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva burada yaşayan soydaşlarımızın problemləri ilə maraqlanır. Fransanın Nant şəhərində "Qarabağ" Azərbaycan məktəbi istifadəyə verilib. Xatırladaq ki, Fransada ən böyük azərbaycanlı icması Nant şəhərindədir. Bu, üçüncü ölkədir ki, "Qarabağ" adlı məktəb fəaliyyət göstərir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə