"Qazın limiti iki dəfə qaldırılsın" TƏKLİF

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında qaza qoyulan limitin artırılması ilə bağlı təkliflə çıxış edib. SİA-nın xəbərinə görə, deputat söyləyib ki, əhalinin müxtəlif təbəqələrindən edilən müraciətlərə əsasən qaza qoyulan limit qaldırılsın: "İsrafçılığın qarşısını almaq üçün limitin olması normaldır.1700 kub metr 170 manat civarında limit qoyulub. Təklif edirəm ki, bu limit qaldırılsın. Çünki həyət evlərində yaşayan ödəniş imkanı aşağı olan insanlar o limitdən çox əziyyət çəkirlər. Böyük problemlər yaşayırlar. Təbii ki, istixanalar dönəxanalar var ki, oradan pul qazanırlar. Onların ödəmə imkanları var. Yoxsul əhali üçün böyük problemdir. Çox istəyirəm ki, müvafiq qurumlar bu məsələyə diqqət yetirsinlər və limit iki dəfə qaldırılsın".

Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti ilə bağlı fikirlərini bildirən F.Mustafa son vaxtlar qurumda müəyyən problemlərin olduğunu dilə gətirib: "Dayanacaqlar yuyulmur. Piyada keçidlərinin böyük hissəsi çəkilmir. Əvvəllər DİN-də olanda bu işlər operativ görülürdü. Diqqət edirəm. Ancaq ölkə prezidentinin keçdiyi yolu çəkirlər. Yaxud da vəzifəli şəxslərin keçdiyi yolları səhmana salırlar. Məsələn, Sabunçu rayonunun əksər qəsəbələrində bu zolaqlar çəkilmir. Bununla bağlı məsələlərə diqqət edilməlidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə