"Azərbaycana qarşı vaxtaşırı hücumlar təşkil edirlər" ÖZƏL-ŞƏRH

"Diqqət yetirsək görəcəyik ki, Azərbaycanı sevməyən güc mərkəzləri erməni lobbisi və digər islamafob mərkəzlərlə birləşərək Azərbaycana qarşı vaxtaşırı hücumlar təşkil edirlər. Bu istər sosial şəbəkələr, transmilli media üzərindən, istərsə də internet resurslarının yaratdığı digər vasitələrlə həyata keçirilir. Bu nə vaxt baş verir? Əgər tsikıllarla müşahidə etsək görəcəyik ki, Azərbaycanda mühüm hadisələr olan zaman, Azərbaycan hakimiyyəti islahatlar həyata keçirən zaman, ölkəmizdə böyük meqa layihələr həyata keçirilən zaman, Azərbaycan xalqının öz iradəsini sərgilədiyi mühüm tarixi, siyasi hadisələr zamanı və s. bu cür hallar intensivləşir". Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

"Nəzərə almaq lazımdır ki, hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişlər olanda və yaxud Ermənistanı küncə sıxışdıranda bir növ işğalçı ölkəni bu vəziyyətdən çıxarmaq və ölkəmizin siyasi gündəmini dəyişmək üçün müdaxilə edirlər. İndi diqqət etsək görəcəyik ki, 2019-cü il Azərbaycan üçün mühüm bir ildir. 2019-cu il 2015-ci ildən başlayan islahatların davamı ili kimidir. Eyni zamanda 15-16-cı illərdə həyata keçirilən institusional iqtisadi modernləşdirmə illərinin davamı olaraq Azərbaycanda yeni iqtisadi dirçəliş ilidir. Çünki 2019-cu ildə Cənub-Qaz Dəhlizi layihəsinin başa çatdırılması planlaşdırılır. Artıq biz bilirik ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti işə düşüb və bundan sonrakı mərhələdə yükdaşımalar artıb. Ən önəmlisi odur ki, Azərbaycan çox mühüm sosial islahatlar həyata keçirir və s. Bütün bunlar erməni lobbisi və onunla əlaqədə olan digər imperialist mərkəzləri narahat edir. Bunun əsasında duran başlıca məsələlərdən biri də Azərbaycanın müstəqil siyasət həyata keçirməsidir. Çünki biz bilirik ki, 2016-cı ildən sonrakı mərhələdə daim Azərbaycana təzyiqlər oldu və yenə də təzyiqlər var. Son bir ildə Azərbaycan diplomatik hücum siyasəti həyata keçirərək, öz beynəlxalq nüfuzundan istifadə edərək Ermənistanı yenidən danışıqlar masasına gəlməyə məcbur etdi və formatı qəbul etdirməyi bacardı. Bundan sonra da tələb edir ki, substantiv danışıqlar mərhələsi başlamalıdır. Çünki Azərbaycanın bundan sonra daha çox gözləməyə vaxtı yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyinin ən son bəyanatında da qeyd olundu ki, status-kvo sonsuzadək ola bilməz. Bu konteksdə biz nəyi müşahidə edirik. Belə vəziyyətdə Azərbaycanın rolu, nüfuzu daha artır, ölkəmiz öz milli məqsədlərinə yaxınlaşır, öz ərazi bütövlüyünü bərpa etməklə bağlı yeni həmlələr edir”-deyə, Hikmət Babaoğlu fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...