"Ermənistan sazişə əməl etməsə..." RƏY-ÖZƏL

“Ermənistan tərəfi Moskvada razılaşdırılan siyasi riski olmayan humanitar aksiyalarla bağlı məsələlərə əməl etməsə bu bir daha dünyaya göstərəcək ki, İrəvanla danışıqlar aparmaq mümkün deyil”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Ermənistanın həmin sazişə əməl etməməsi fonunda isə hərbi ssenarilərin yenidən reallaşması üçün münbit şərait yaranacaq: “Özü də belə vəziyyətin yaranmasına ermənilər özləri öz hərəkətləri ilə, sazişə əməl etməmələri ilə şərait yaradacaqlar. Yəni düşmən tərəfi sözügedən sazişə əməl etməkdən boyun qaçırsa, hərbi müstəvidə hərəkət etməkdən başqa çarə qalmır”.

Rusiya XİN başçısının görüşün nəticələri ilə bağlı açıqlamalarına toxunan politoloq söyləyib ki, Azərbaycan tərəfi hələ Vyana görüşündən öncə erməni tərəfinə girovların hamının hamıya prinsipi ilə dəyişdirilməsini təklif edib: “Bu təklifin özü də hər hansı bir siyasi risk yaradan təklif deyil. Lakin erməni tərəfi yenə də siyasi oyunbazlığa gedərək son danışıqlarda girovlardan Şahbazla Dilqəmin buraxılmasına deyil, yalnız, onlara qohumlarının baş çəkmələrinə razılıq verib. Onda sual yaranır, bu prinsipin reallaşmasına ermənilərə nə maneə olur? Qoy, açıq şəkildə bunu bildirsinlər. Amma onu da açıqlaya bilmirlər”.

İ. Vəlizadə qeyd edib ki, görünənlər Ermənistan tərəfinin hətta humanitar məsələdəki addımı belə yarımçıq həyata keçirdiyini göstərir: “Lavrovun görüşdən sonra razılaşdırılan məsələlərin kağız üzərində qalmayacağı ilə bəyanatı da bu mövqenin nəticəsidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə