"Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir" ÖZƏL-MÜNASİBƏT

"Yüksək nüfuza malik olan Azərbaycan beynəlxalq müstəvidə güclü, nüfuzlu dövlət kimi tanınır, ölkəmizin dostlarının, tərəfdaşlarının sayı davamlı olaraq artır". Bunu SİA-ya açıqlamasında millət vəkili Sahibə Qafarova deyib.

Deputatın sözlərinə görə, Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, qazanılan möhtəşəm uğurlar ölkəmiz qarşısında yeni perspektivlər açır: "Bilirsiniz ki, ötən müddət ərzində dünyanın bir sıra regionlarda qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları baş verib, beynəlxalq vəziyyət olduqca gərginləşib. Bütün bunlara baxmayaraq, Azərbaycan dinamik inkişafını uğurla və inamla davam etdirib, bütün sahələrdə parlaq nailiyyətlər əldə olunub, ölkəmizdə möhkəm əsaslara söykənən sabitlik, təhlükəsizlik qorunub saxlanılıb".

Azərbaycanda güclü xalq-iqtidar birliyinin mövcud olduğunu deyən Sahibə Qafarova bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir, dövlətimizin başçısına sonsuz etimad və rəğbətini ifadə edir: “Fransanın “Opinion Way” şirkətinin bu ilin mart ayında ölkəmizdə keçirdiyi rəy sorğusunun nəticələri bu reallığı bir daha təsdiqləyir. Sorğuda əks olunmuş məqamlar Azərbaycan xalqının Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirdiyini, dövlət başçısının seçicilərin etimadını artıqlaması ilə doğrultduğunu göstərir”.

“Azərbaycan, həmçinin milli maraqlara əsaslanan xarici siyasət kursunu müvəffəqiyyətlə davam etdirir, beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Ölkəmizin liderliyi ilə regionda şaxələndirilmiş enerji və nəqliyyat dəhlizləri yaradılıb, yeni əməkdaşlıq platforması formalaşdırılıb, Azərbaycan bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. Şübhəsiz ki, bütün bu uğurlar Ermənistanı, erməni lobbisini, xaricdəki bir sıra anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Ona görə də həmin dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, ölkəmizin uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə edirlər. Əlbəttə, məqsəd Azərbaycana təzyiq göstərməkdir amma bu cür vasitələrlə ölkəmizi inkişaf yolundan və milli maraqlara əsaslanan prinsipial, müstəqil siyasətindən döndərmək mümkün deyil. Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik davam etdirəcək, beynəlxalq müstəvidə yeni nailiyyətlər qazanacaq”,-deyə S. Qafarova əlavə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə