"Hər iki icmanın görüşməsi faydalı ola bilər" AÇIQLAMA-ÖZƏL

“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xalq diplomatiyasından istifadə olunması faydalı ola bilər. Çünki, dünyada xalq diplomatiyasından istifadə təcrübəsi var. Bu baxımdan da hər iki icmanın görüşməsi faydalı ola bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfindən konstruktiv mövqe sərgilənsə də, Ermənistan buna adekvat cavab vermir: Bu baxımdan da son Moskva görüşündə humanitar aksiyaların keçirilməsi istiqamətində əldə olunan razılaşma nəticəsində münaqişənin həlli istiqamətində icmaların yanaşma tərzinin və Ermənistan ictimaiyyətinin fikrinin öyrənilməsi baxımından həm faydalı, həm də Azərbaycanın gələcəkdə bu istiqamətdə atacağı addımlara təsir edə bilər”.

Azərbaycan tərəfinin birmənalı olaraq beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipindən çıxış edərək münaqişənin həllində maraqlı olduğunu bir daha xatırladan deputat vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapacağı təqdirdə ölkəmiz erməni icmasının işğaldan azad ediləcək torpaqlarda yaşamasına etiraz etmir.

Onun sözlərinə görə, dünyaya birgəyaşayış nümunəsinə malik olan Azərbaycan multikultural dövlət olaraq ərazisində bütün xalqların sərbəst, rahat yaşayışını təmin edir: “Məhz bunun nəticəsidir ki, hazırda da ölkəmizdə 30 min erməni heç bir ayrı-seçkilik, təzyiqlə qarşılaşmadan rahat şəkildə yaşayır”.

S. Əliyeva qeyd edib ki, münaqişənin həlli istiqamətində bütün təşəbbüslər dəyərləndirilməlidir: “Əgər Ermənistan cəmiyyəti xalq diplomatiyasından istifadə məsələsinə maraq göstərsə, problemin həlli istiqamətində müəyyən irəliləyişlərin olması ümidverici ola bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə