"Uğurlarımıza ləkə yaxmaq istəyənlər çirkin metodlara əl atırlar" RƏY-ÖZƏL

“Xarici anti-Azərbaycan qüvvələrin və daxildəki “5-ci kolon”un növbəti çirkin kampaniyasının dövlətçiliyimiz əleyhinə apardıqları mübarizə metodları və vasitələri qəbuledilməzdir, yolverilməzdir”. Bu fikirlər SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, dünyanın heç bir yerində belə barbarcasına siyasi mübarizəsi yoxdur və bu dövr Azərbaycan tarixində siyasi mədəniyyət qaydalarının tapdandığı bir utanc dövrü kimi qalacaq: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı yüksəlir, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir. Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətə davamlı ölkəyə çevrilib. Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirib. Belə olan halda, baş verən ən xırda məsələlərdən Azərbaycan əleyhinə kampaniya aparmaq istəyi ədalətsizlikdir”.

Politoloqun sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurlara kölgə salıb, inkişafımıza mane olmaq istəyən xarici anti-Azərbaycan qüvvələri ölkədə sabitliyi pozmağı qarşılarına məqsəd qoyublar: “Onlar xalqı düşünmür, yalnız hakimiyyət davası edirlər. Bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün çirkin metodlara əl atırlar”.

N.Məmmədova qeyd edib ki, Azərbaycanın indiki şəraitində, mürəkkəb beynəlxalq şəraitdə İlham Əliyev ölkəmiz üçün ən layiqli, uğurlu prezidentdir və onun alternativi yoxdur: “Buna görə də bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaq. Çünki, xalqımız, ölkə ictimaiyyəti onlara öz layiqli cavablarını verəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə