"Artıq proseslərin həlli zamanı yetişib" RƏY-ÖZƏL

“Əvvəlki görüşlərdə qoyulan məsələlərin qlobal şəkildə həllinə nail olmaq asan iş deyil. Azərbaycan və Ermənistan XİN başçılarının son Moskva görüşündə humanitar məsələlərlə əlaqədar qoyulan 3 əsas məqam - jurnalistlərin gediş-gəlişi, əsir və girovların yaxınları ilə görüşmələri, həmçinin kənd təsərrüfatı işləri aparılarkən atəşkəsə əməl edilməsi ilə bağlı proseslərin həlli zamanı artıq yetişib və bunun icra mexanizmi olmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

O bildirib ki, yuxarıda sadalanan məsələlərin icra mexanizmi növbəti Vaşinqton görüşündə cavab kimi ortaya qoyulmalıdır: “Bildiyiniz kimi ABŞ tərəfindən növbəti görüşün keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Düşünürəm ki, Vaşinqton görüşü Moskva görüşündə müzakirə olunanların həyata keçirilməsi mexanizmi ilə bağlıdır. Əgər Rusiya, ABŞ görüş təşkil edirsə, ehtimal etmək olar ki, növbəti görüş Fransada ola bilər. bu da o deməkdir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu istiqamətdə müvafiq addımlar atırlar”.

Moskva görüşü ilə bağlı Rusiya XİN başçısı Sergey Lavrovun nikbin fikirlərinə toxunan A. Nağıyev söyləyib ki, Lavrovun nikbinliyinə tam şəkildə inanmaq olmaz: “Çünki, qlobal problemlər, ərazi bütövlüyümüzlə bağlı məsələlər hələ də həll edilməmiş qalır. Moskva görüşünün təşəbbüskarı olan Rusiya icra nəzarətini də həyata keçirməlidir. Növbəti görüşdə məsuliyyət məhz Rusiyanın üzərinə düşdüyü üçün, qonşu dövlət məsələlərin həllinə çalışmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə