"Yeni modelə keçid insanların daha da yaxşı yaşamasına səbəb olacaq " AÇQILAMA-ÖZƏL

“Cənab Prezidentin birbaşa vətəndaşlarla təmasda olması, prezident fəaliyyəti ilə bağlı insanlara hesabat verməsi, gələcək işlərlə əlaqədar fikirlərini bölüşməsi bir daha göstərir ki, iqtidarın əsas vəzifəsi insanların problemlərini həll etməkdən ibarətdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Bütün problemlərin zaman-zaman həll edildiyini deyən deputat söyləyib ki, nəticələr göz qarşısındadır və insanlar dəyişiklikləri öz həyatlarında hiss edirlər.

A.Mirzəzadə bildirib ki, Azərbaycan inkişaf etdikcə bir iqtisadi modeldən digərinə keçid edilir: “Prezident İlham Əliyev də bu yaxınlarda çıxışlarının birində söylədi ki, Azərbaycan yeni sosial iqtisadi modelə keçid edir. Yeni modeldə sahibkarlara dövlət tərəfindən təzə dəstək olacaq, yeni qaydalar ortaya qoyulacaq. Vergi gömrüklə bağlı yeni açıqlamaların olmasına, məhsullarımızın rəqabət qabiliyyətli olmasına gətirib çıxaracaq ki, bu da insanların daha da yaxşı yaşamasına səbəb olacaq. Bir sözlə ifadə etsək yeni iqtisadi model inkişafımızı daha yüksək səviyyə qaldırmaq üçün mühüm addım olacaq”.

Deputat qeyd edib ki, yeni modellə bağlı detalların mahiyyəti barəsində cənab prezidentin növbəti açıqlamaları və ya imzalanacaq sənədlərdə görüləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə