"Azərbaycanı sevməyən qüvvələrin ölkə daxilində şəbəkəsi var" ÖZƏL-RƏY

“Ölkəmizə qarşı aparılan qərəzli kampaniyalarda ən böyük amil Azərbaycan iqtidarının yürütdüyü uğurlu, müstəqil siyasət və Azərbaycan Prezidentinin bütün məsələlərdə, aspektlərdə sərgilədiyi qətiyyətli mövqedir. O siyasət, o mövqe ki, heç bir kənar şərtləri, müdaxiləni, hansısa ölkənin diktəsini özündə ehtiva eləmir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanı sevməyən məlum qüvvələrin ölkə daxilində də məlum şəbəkəsi var: “Biz onlara “5-ci kolon” deyirik. Həmin buqələmunlar, xalq düşmənləri müxtəlif formatlarda danoslar, anonimlər, yalan informasiyalar hazırlayaraq xaricə ötürür, mövcud hakimiyyəti gözdən salmağa çalışırlar. Amma çifayda. İllərdir effekt vermir. Verməyəcək də. Çünki haqsızdırlar, ədalətsizdirlər, mübarizəni kişi kimi aparmırlar. Təsəvvür edin, erməni lobbisi və bu ələkçilərə qıl verənlər ən mötəbər qurumlara qədər sızıblar. Qısaca, bütün bu söylədiyklərim belə bir mülahizə yürütməyə imkan verir ki, haqqında bəhs olunan beynəlxalq təşkilatların fəaliyyəti konkret olaraq qərəzli missiya daşıyır və reallığı deyil, şəxsi maraqlardan irəli gələn prinsipləri əhatə edir. Bu fəaliyyətə erməni lobbisi və sapı özümüzdən olan baltalar, yəni "5-ci kolon"un nümayəndələri də dəstək verdiyi zaman Azərbaycana düşmən olan qüvvələrin əhatəli bir ansamblı yaranır. Onların sərhədi dəqiqləşir. Amma olsun. Biz çox belə ansambllar, tandemlər, qruplaşmalar və s. görmüşük. Bir şey dəqiqdir ki, indiki dövrdə, bizim kimi müstəqil siyasət yürüdən heç bir kiçik dövlət bu cür təzyiqlərdən, düşmənçilikdən, davamlı iftiralardan sığortalanmayıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə