Ölkəmizin uğurları anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir - Bəhruz QULİYEV

Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət bilavasitə Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir. Əldə edilən siyasi, iqtisadi nailiyyətlər ölkəmizin gücünün, qüdrətinin göstəricisidir. Bu fikirləri AZƏRTAC-a “Səs” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev söyləyib.

O deyib ki, artıq neçə illərdir Azərbaycan dövlətinə qarşı müxtəlif şəkildə təxribatlar törətməyə cəhdlər göstərən dairələr hər dəfə uğursuzluğa düçar olduqdan sonra daha da aqressivləşirlər. Lakin bu aqressivlik onların reallıqlar qarşısındakı məğlubiyyətlərinin göstəricisidir. Son 15-16 ildə Azərbaycanın iqtisadi cəhətdən özünü təmin edən ölkə olaraq təsdiq etməsi, bir sıra mühüm strateji əhəmiyyətli layihələrin icraçısı və təşəbbüskarı olaraq dünya arenasına çıxması, həmçinin xalqın maraqlarını ən yüksək səviyyədə təmin etməsi məlum qüvvələri ciddi şəkildə narahat edir. Artıq Azərbaycan dövləti müxtəlif beynəlxalq tribunalarda söz sahibi olaraq ardıcıl siyasətini aparır. Azərbaycan bu ildən etibarən 120-dən çox ölkəni bir araya gətirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Bu mənada, yalnız Azərbaycan xalqı deyil, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar da Prezident İlham Əliyevə böyük rəğbətlərini göstərirlər. Reallıq budur. Reallıq budur ki, əgər bu gün Azərbaycan dövlətinin və Prezidentinin əldə etdiyi uğurlar işğalçı Ermənistanı narahat edirsə, deməli, bu gün dünyanın müxtəlif ölkələrinə səpələnmiş erməni lobbisi hərəkətə keçir, bu uğurlara kölgə salmaq, təxribat xarakterli əməllər törətmək üçün əllərində olan bütün vasitələrdən yararlanmağa çalışırlar.

Bəhruz Quliyev bildirib ki, “5-ci kolon” kimi tanınan sapı özümüzdən olan baltalar – radikal və dağıdıcı təfəkkürə malik müxalifət və “Trensparency International”, “Amnisty International”, OCCRP kimi təşkilatlar erməni lobbisinin alətləri qismində ölkəmiz əleyhinə istifadə olunurlar. O cümlədən bir sıra Qərb media qurumları dezinformasiya xarakterli informasiyalarla Azərbaycan həqiqətlərini gizlədərək, böyük və ağ yalanları dünya ictimaiyyətinə sırımağa çalışırlar. Əlbəttə ki, Azərbaycanı tanıyan, bu ölkədəki demokratik, multikultural, tolerant mühiti, sabitliyi qiymətləndirən heç bir dairə belə dezinformasiyalara uymur. Ancaq bu, o demək deyil ki, dövlətimizin maraqlarına qarşı düşmənçilik, təxribatçılıq mövqeləri sərgiləyənlərə qarşı mübarizə aparmaq olmaz. Hər bir vətənsevər öz reaksiyasını göstərməli, qəti mübarizəsini aparmalıdır. Çünki bizim məqsədimiz dövlətimizin daha da güclənməsi üçün səylə çalışmaq, Prezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləməkdir. Bəlli qüvvələr anlamağa məhkumdurlar ki, heç bir təzyiq, təhdid dövlətini, Vətənini, Prezidentini sevən azərbaycanlını geri çəkə bilməyəcək, onlar layiqli cavablarını hər zaman alacaqlar.

“Son zamanlar Avropa İttifaqı ilə Azərbaycan arasında saziş layihəsi ətrafında da bənzər təxribatların baş verdiyini görürük”, - deyən siyasi ekspert əlavə edib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və yeni sazişlə bağlı aparılan danışıqlar da təcavüzkar Ermənistanı təlaşa salır. Sirr deyil ki, Ermənistan indi də Avropa İttifaqına üzv dövlətlər arasında olan havadarları vasitəsilə bu sazişə zərbə vurmağa cəhdlər göstərir. O cümlədən işğalçı ölkə ilə həmrəy olan məlum antimilli ünsürlər də bu sazişə qarşı çıxırlar. Bu, o deməkdir ki, özlərini “demokrat” adlandıran dağıdıcı müxalifət liderləri birbaşa ermənilərlə eyni mövqedən çıxış etdiklərini etiraf edirlər. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunması müddəası da yer alıb. Əgər təxribatçı qaragüruhçular bunu da dərk etmirlərsə, deməli, ermənilərin işğalçılıq siyasətlərini dolayısı ilə təsdiq edirlər. Məgər bundan artıq sübuta ehtiyac varmı? Ermənilərlə eyni mövqeni bölüşən radikal müxalifət Azərbaycan dövlətinə və xalqına qarşı nə qədər düşmən kəsildiyini bu addımları ilə sübuta yetirirlər.

Bəhruz Quliyev bildirib ki, bu cür çirkin siyasi oyunbazlıqlar heç vaxt həyata keçməyəcək, çünki bu oyunbazlıqlar keçmişdə də çox ciddi iflasa uğrayıb. Ona görə, Azərbaycan xalqı və dövləti haqq-ədalət yolu ilə inamla addımlamağa davam edəcək, əldə edilən siyasi, iqtisadi, sosial uğurlar istər düşmənlərimizi, istərsə də onların dəyirmanlarına su tökən təxribatçı “5-ci kolon” təmsilçilərini daha ağır məğlubiyyətlərə sürükləyəcək. Bundan əmin ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə