Əli Kərimli Makronu Notrdam yanğınına görə niyə ittiham etmir? TƏRS BAXIŞ

Yaxud, AXCP sədrinin harada aş, orada baş siyasəti

AXCP-nin sədri Əli Kərimlinin baş verən ən kiçik məişət hadisəsində belə dərhal hakimiyyəti ittiham atəşinə tutması artıq, onun uğursuz və heç bir səmərə verməyən ənənəsinə çevrilib. Ümumiyyətlə, onun bu, yaxud digər məsələlərdə - təbii fəlakətlər baş verərkən, intihar hadisəsi yaşanarkən, yanğın, dağıntı, sel, faciəvi ölüm halları və s. olaylar cərəyan edərkən dərhal özünü klaviatura arxasına ataraq, xalqın adından çıxışlar edib, populist fikirlər səsləndirməsi, trollarının isə sosial şəbəkə vasitəsi ilə onun “füsunkar siyasi savadına” bəh-bəhlə rəylər yazması, “bəytərifi” şəklində “qoltuğunun altına qarpız qoyması” ictimai rəyi sözün əsl mənasında bezdirib, hətta iyrəndirib. Özünü müxalifətin “lideri” kimi təqdim edən bir fərdin bu kimi ucuz çıxışları vasitəsi ilə hakimiyyətə ambisiyalı olduğunu nümayiş etdirməsi həqiqətən də gerçək təsir bağışlamamaqdadır.

Bu gün xalq faktoru həqiqətləri görür, dərk edir və hər zaman öz dövlət başçısına sonsuz rəğbət hissi ilə yanaşır!

Yeri gəlmişkən, onu da deyək ki, Azərbaycan hakimiyyəti yuxarıda baş verən istənilən fors-major hallarda dərhal əməli fəaliyyətə keçir, hər hansı bir hadisə baş verərkən, operativ, nəticəsi olan fəaliyyət ortaya qoyur. İstər təbii fəlakətlər zamanı, istər digər hadisələrdə dövlət başçısı həmin hadisələri şəxsi nəzarətinə götürərək, müvafiq qurumlara göstərişlərini verir, görülən işlərin nəticələri barədə məlumatlandırılması tələbini qoyur. Bir neçə il qabaq kürqırağı kəndlərdə sel hadisəsi yaşanarkən də, ölkəmizin Şimal-Qərb bölgələrində zəlzələlər baş verərkən də Prezident İlham Əliyev bilavasitə hadisə yerlərinə baş çəkərək, dəymiş zərərin aradan qaldırılması, yeni evlərin tikintisi və bərpası üçün yerindəcə tapşırıqlarını verib, təbii fəlakətlərdən ziyan görmüş əhali ilə görüşmüş, onların digər problem və qayğıları ilə də maraqlanaraq, əməli fəaliyyətini ortaya qoymuşdu.

Eləcə də, fərdi sosial-məişət problemlərindən yaranmış və ictimaiyyətdə rezonans yaratmış hadisələr də daim ölkə başçısının diqqətində olub, bir neçə gün öncə orta məktəblərin birində baş vermiş məlum intihar hadisəsi də bu xüsusa aid edilə bilər. Ümumiyyətlə, dövlət bütün mənalarda xalqının yanında olduğunu, xalqın isə dövlətə arxalanması funksiyasını ən yüksək səviyyədə doğruldur. Əbəs deyil ki, cənab İlham Əliyev istər regionlara səfəri, istərsə də paytaxta müxtəlif obyektlərin açılışı zamanı xalqla birbaşa təmasda olur, problemləri ən kiçik detallarına qədər öyrənir, həmin problemlərin həllində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Bu gün xalq faktoru həqiqətləri görür, dərk edir və hər zaman öz dövlət başçısına sonsuz rəğbət hissi ilə yanaşır!

Bu növ ünsürlər istənilən şəxsin heysiyyatına toxunmaqdan başlayaraq istinad nöqtəsi olmayan yalanlar yaymağa, ciddi sübutlar olmadan ağır ittihamlar dilə gətirməyə qadir olan həyasızlar yığnağının təmsilçiləridirlər

Ancaq “xalq-millət” bağırıb, hadisələrdən çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışan radikallar belə ucuz çıxışları ilə daxillərində uzun illərdən bəri formalaşmış, ərp bağlamış çirkinliklərini özləri bilmədən ifşa edirlər. Biz, bunu zəlzələ baş verəndə də, “Diqlas” ticarət mərkəzi yananda da, 14 yaşlı Elina Hacıyeva intihar edəndə də, yaxud bir neçə yeniyetmənin ailələrindəki böyüklərindən icazə almadan, özbaşına şəkildə qayıqla dənizə çıxmalarında, nəticədə həyatlarını itirəndə də gördük. Məhz bu baxımdan, radikal müxalifətin, əsasən də Ə.Kərimlinin bu ətrafda oynadığı iyrənc oyunbazlıqlarının analizini aparsaq növbəti dəfə görərik ki, bu növ ünsürlər istənilən şəxsin heysiyyatına toxunmaqdan başlayaraq istinad nöqtəsi olmayan yalanlar yaymağa, ciddi sübutlar olmadan ağır ittihamlar dilə gətirməyə qadir olan həyasızlar yığnağının təmsilçiləridirlər. Xəmirləri şər, böhtan, yalanla yoğrulmuşlardan zatən hər hansı bir insani hissləri gözləməyə də dəyməz.

Əli Kərimli 30 ildə dəyişməyibsə, bundan sonra yaşayıb-eləsə, 30 ildə də dəyilşməyəcək...

Bu arada, Ə.Kərimliyə və onun ətrafındakı sosial şəbəkə yığnağına bəzi suallar verməyin yeri olardı. Maraqlıdır, nəyə görə AXCP sədri Notrdam kilsəsi yanarkən, çox sevdiyi klaviaturası arxasına keçib, həmin yanğının günahkarı kimi Fransanın prezidenti Emmanuel Makronu günahlandırmadı? Axı o, günahlandırmaq, ittiham etmək işində pərgardır!

Yaxud, nəyə görə əsrləri gəlib-keçmiş Notrdam yanğınında Fransa hakimiyyətinə müxalif olan siyasi qruplar, partiyalar və s. təşkilatlar Makronu ittiham etmədilər? Ya da, Əli Kərimli Fransada müxalifət partiyasına rəhbərlik etsəydi, öz sərsəm və ucuz şakərinə qapılaraq Makronu ittiham edərdimi? Bu sualların cavabları heç vaxt verilməyəcək. Çünki bu sualların cavablarını vermək AXCP sədri üçün ölümə bərabər olan bir məsələdir. Ona görə də öz suallarımıza elə özümüz cavab verə bilərik. Cavab isə belədir – bəli, bir fərd harada yaşamasından asılı olmayaraq, əgər ucuz təfəkkürə, düşük siyasi nüfuza malikdirsə, hətta Roma Papasını terrorçuluqda ittiham edəcək qədər həyasızlığını ortaya qoyar.

Fransadakı müxalifətə gəldikdə isə, onlar heç vaxt bu cür təfəkkürə malik olacaq şəxsiyyətsizlər toplumu deyillər. Yəni özlərinin siyasi nüfuzlarına bilə-bilə bu cür ləkə vurmazlar və Makron hakimiyyətini Nortdam yanğınına görə ittiham etməzlər!

Nəticə isə budur ki, Ə.Kərimli könhə, naftalin qoxusu verən təfəkkürünü necə ki, 30 ildə dəyişməyibsə, bundan sonra yaşayıb-eləsə, 30 ildə də dəyilşməyəcək. Çünki onun alnına müxalifətdə qalıb, müxalifətdə də canını tapşırmaq qalıb. İndi onun yaşadığı həyatı boyu törətdiyi iyrəncliklərinə görə bağışlanıb-bağışlanmamağı isə qalıb bir tək Allaha...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə