"Ermənistan sülh istədiyini Azərbaycana inandırmalıdır" RƏY-ÖZƏL

“Ermənistan tərəfi anlamalıdır ki, işğalçı tərəf onlardır və Azərbaycan torpaqlarını tərk etməlidirlər. Yalnız bundan sonra sülh misisyası həyata keçirilə bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun (MQF) sədri Rauf Zeyni deyib.

Sülhə yaxınlaşmaq üçün dialoqun vacib olduğunu deyən MQF sədri bildirib ki, bu dialoq vətəndaş cəmiyyəti, mediadan başlamalıdır: “Lakin Ermənistan buna da hazır olmalı, problem yaradılmamalıdır. Burada icmaların səfərləri, QHT-lər arasında dialoq ola bilər. Biz vətəndaş cəmiyyəti olaraq illərdir bildiririk ki, əgər Ermənistanda işğala etiraz edən erməni QHT-ləri varsa, onlarla diplomatik baxımından görüşə bilərik. Onlar tərəfindən işğala qarşı çıxanlar haqqında heç bir məlumatımız da yox idi. 30 ilə yaxındır ki, Ermənistan bu sahədə səsini çıxarmırdı. Çünki, onlar Sarkisyan rejiminə etiraz edə bilmirdilər”.

R.Zeyni söyləyib ki, əgər hazırda erməni tərəfi işğala qarşı mövqeyini ortaya qoymaqla əlaqədar Azərbaycan icması ilə görüşməyə hazırdırsa, Azərbaycan icması buna çoxdan hazırdır: “Vətəndaş cəmiyyətimizin nümayəndələri müxtəlif beynəlxalq tədbirlərdə iştirak edərkən erməni nümayəndələrinə işğalçı tərəfin onlar olduğunu diqqətlərinə çatdırır. Belə olan halda bizə bərabərhüquqlu dialoq təklif oluna bilməz. İlk növbədə onlar bizim torpaqları tərk etməli, daha sonra bizimlə söhbətə gəlməlidirlər”.

MQF sədri qeyd edib ki, Azərbaycan tərəfindən humanitar aksiyalarla bağlı təkliflərin ilində əsirlərin qaytarılması dayanır: “Birinci mərhələdə əsirlər qaytarılmalıdır ki, cəmiyyət sülh prosesi getdiyinə inansın. Ermənistan bu istiqamətdə addım atmalıdır. 30 ildir ki, işğalçı tərəfindən müxtəlif terror və digər addımlar atılıb. Heç olmasa indi humanist addım ataraq məsələnin həllində maraqlı olduqlarını göstərsinlər”.

R. Zeyni əlavə edib ki, Ermənistan sülh istədiyini Azərbaycana inandırmalıdır: “ Bunun üçün də münaqişənin həlli istiqamətində ciddi və konkret addımlar atmalıdır. Biz hazırkı məqamda ermənilərin sülh istədiyinə inana bilmirik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...