"Münaqişə ilə bağlı icra mexanizmi tətbiq olunmayıb" ÖZƏL-ŞƏRH

“İndiyə qədər ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağda sülh planına dair təklif etdiyi ən uyğun sülh modeli "Madrid prinsipləri"dir. Bu prinsiplər Ermənistan tərəfindən qəbul edilsə də onun reallaşması mümkün görünmür. Faktiki olaraq bu planın işə düşməsi regionda sülhün bərqərar olması deməkdir. Azərbaycanın müstəqilliyinə xor baxan dövlətlər isə müstəqilliyimizin möhkəmlənməsini qətiyyən istəmirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, "Madrid prinsipləri" münaqişənin həllini mərhələ şəklində təklif edir və danışıqlara başlamağın ilkin şərtini işğal olunmuş 6 rayonun qeyd-şərtsiz Azərbaycanın nəzarətinə verilməsini qeyd edir: “Sonrakı mərhələlərdə isə köçkünlərin Qarabağa qaytarılması və Dağlıq Qarabağın statusu və erməni əhalisinin təhlükəsizliyinin təminatı, sonrakı mərhələdə isə Kəlbəcər və Laçın rayonlarının qaytarılması prosesi həyata keçməli idi.

Lakin 27 ildir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar nəticə vermir. Bu illər ərzində münaqişənin həlli variantları tapılsa da, icra mexanizmi tətbiq olunmayıb.

Bir neçə il öncəyə qədər Minsk qrupu ölkələrinin səyləri münaqişənin həllinə ümid yaradırdı. Lakin təəssüflər olsun ki, icra mexanizminin yaradılmasına nail oluna bilmir. Son illər Fransa və Rusiyanın mövqeyi böyük narahatçılıqlar yaradır. Ümumilikdə bu ölkələr formal olaraq indiyə qədər qəbul olunmuş prinsiplərdən imtina etməsələr də münaqişənin həllinə başladılmasına səy göstərmirlər. ABŞ və Avropa Şurası Parlamenti münaqişənin tezliklə həll olunmasında maraqlıdırlar. Ancaq region dövlətləri olan Rusiya və qonşu İran bütün imkanlardan istifadə edirlər ki, münaqişə ya dondurulmuş vəziyyətdə qalsın, ya da birbaşa Ermənistanın xeyrinə həll olunsun. İndiyə qədər aparılan bütün danışıqlar zamanı destruktiv mövqe sərgiləyən Ermənistan Rusiyaya arxayın olaraq ağlasığmaz bəhanə və təkliflərlə danışıqları uzatmağa cəhd edir. Bu ikiliyə Fransanın da açıq dəstək verməsi əldə olunan razılaşmaları pozur. Azərbaycan tərəfi isə öz torpaqlarını işğaldan azad etmək üçün qanuni haqqını tələb etdikdə və hərbi əməliyyatlara başladıqda Rusiyanın və İranın təzyiqlərinə məruz qalır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə