"Ermənistanla hüquqi yolla danışmaq mümkün deyil" ÖZƏL-RƏY

"Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və nəticə olaraq uzun illərdir ki, 20 faiz torpaqlarımızın düşmən nəzarəti altında qalması Azərbaycana 818 milyarddan artıq ziyan vurub". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloq bildirib ki, bununla bağlı dövlətimiz beynəlxalq müstəvidə kifayət qədər yüksək fəallıq nümayiş etdirir: "Haqlı iddiamızla bağlı beynəlxalq instansiyalara müraciətlər olunub. Lakin Ermənistanın dəymiş zərəri ödəməsi sual altındadır. Bu, işğalçı dövlətin xarakteri, erməni xalqının xisləti ilə bağlıdır".

Ermənistanın hüquqi həll variantından boyun qaçırdığını deyən politoloqun sözlərinə görə dövlətimizin münaqişənin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həlli üçün beynəlxalq hüquqi müstəvidə üstünlük əldə etməsinə baxmayaraq, qarşı tərəf qeyri-konstruktiv mövqe nümayiş etdirməklə status-kvonun saxlanmasında maraqlıdır: "Bu onu göstərir ki, Ermənistanla hüquqi yolla danışmaq mümkün deyil".

Dəymiş ziyanın ödənilməsi ilə bağlı Azərbaycanın israrlı mövqe sərgiləməsini yüksək qiymətləndirən Elşad Mirbəşiroğlu işğalçı dövlətin kompensasiyanı ödəmək qabiliyyətinə nə indi, nə də gələcəkdə nail ola biləcəyinə inanmadığını bildirib: "Ermənistanın iqtisadiyyatı iflic vəziyyətdədir. Ölkənin gələcəyi barədə pessimist fikirlər söyləmək üçün kifayət qədər əsaslar var. Belə olan halda gələcək mövcudluğu belə sual altında olan bir dövlətdən külli miqdarda ziyanı ödəməsini gözləmək real deyil. Amma Azərbaycanın bununla bağlı beynəlxalq instansiyalara müraciəti və israrlı tələbi artıq ölkəmizin uğurudur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...