“Azadlıq və demokratiya aşiqləri” əslində kimdirlər? OKTAY HACIMUSALI

Etiraf etmək istəmirlər ki, onlar ölkənin siyasi səhnəsində özlərindən başqasını görmək istəmirlər

“Son günlər radikal müxalifətdə şərikli bir şəkildə bir-birlərini qəbul etməmək sindromu özünü pik həddinə çatıb. Zatən bu var idi və zatən bu cənablar ömürləri boyu ən yaxın əqidədaşlarını, ən yaxın dostlarını qəbul etməyiblər”. SİA xəbər verir ki. Bu barədə jurnalist Oktay Hacımusalı Facebook vasitəsi ilə yayımladığı videoşərhində danışıb. Onun sözlərinə görə, hər zaman onları müxtəlif bəhanələrlə əks qütbə, əks cəbhəyə işləməkdə günahlandırıblar, özlərinin siyasi ambisiyalarını reallaşdırmaq üçün onların fərqli düşüncəyə, fərqli cəbhələrə satıldıqlarını iddia ediblər, agent olduqlarını deyiblər, bir-birləri ilə yumruq davasına çıxıblar, ən müxtəlif qarşıdurmalar yaradıblar və nəticədə də ortadadır: “Nəticə ortadadır ki, artıq 30 ildir ki, ağır daşlara çevrilən Azərbaycanın siyasi səhnəsindəki radikallar nə istədiklərini heç özləri də bilmirlər. Əslində bilirlər, sadəcə olaraq bunu ifadə etmək istəmirlər. Etiraf etmək istəmirlər ki, onlar ölkənin siyasi səhnəsində özlərindən başqasını görmək istəmirlər. Onlarda yaranmış özünü bəyənmə xəstəliyi sindromu o qədər dərindir ki, hətta yeni bir qüvvənin qarşılarına çıxdığında onu həzm edə bilmirlər. Həzm edə bilmədikləri üçün də müxtəlif fikirlər ortaya atırlar. Hətta şizofrenik səviyyədə düşündükləri fərziyyələrinin gerçək olduğunu sanırlar. İnanırlar ki, doğrudan da onlardan olmayan hər kəs satqındır, onlardan olmayan hər kəs yaltaqdıdr, onlardan olmayan kiməsə işləyir. Onlardan olmayan hər kəs mənasızdır, lazımsızdır və heç bir işə yaramayacaq. Əslində onların özləri sadaladıqları fikirlərə layiq insanlardırlar”.

Azərbaycanın siyasi səhnəsi 30 ildir “bu gün gəlirik”, “sabah gəlirik”, “artıq gəlmişik” deyən ənənəvi və radikal müxalifət liderlərindən bezib və artıq Azərbaycan ictimaiyyəti yeni müstəvidə, yeni siyasi baxışlarla bolşevik və kommunsit cəmiyyətindən uzaq bir səhnə istəyindədir

“Siyasi səhnəyə 1980-ci illərin sonlarından çıxandan sonra, 2019-cu ilin aprel ayına qədər bu adamların yaratmaq istədikləri, ortaya qoymaq istədikləri reallıqlar bir daha sübut edir ki, əslində bu adamların eləmək istədikləri ilə, etdikləri arasında dağlar qədər fərq var və bu səbəblər əslində göstərir ki, onların realizə eləmək üçün heç bir şansları yoxdur”, deyən jurnalist qeyd edib ki, bu, radikal müxalifətin illərdir yığılıb-qalan zəhəri sağa-sola dağıtmasından irəli gəlir: “Yəni siz baxın radikal müxalifətə və radikal müxalifətin son günlərdə AXCP və REAL partiyası arasında yaşanan qalmaqallara. Artıq, ilk başdan ritorik hadisələrə söykənən, qarşılıqlı ittihamlara çevrilən qarşıdurmalar konkret olaraq daha da dərinləşir. Yəni baş verənlər razborka təfəkkürünə qədər gedib-çıxıb. İnsanlar bir-birlərini rahat şəkildə təhqir edirlər. Bir şey olmamış kimi, dərhal bir-birlərinə hədə və hədyanlar yağdırırlar. Bir az da keçsə, artıq biz REAL və AXCP-nin əqidədaşları arasında küçə davalarının belə, şahidi ola bilərik. Özünü radikal müxalifətin əsas funksioneri sayan və hər dəqiqə bunu dilinə gətirməkdən zövq alan AXCP rəhbərliyi əlindəki basqı və trol yığnağından istifadə edərək, ölkənin siyasi səhnəsində başqalarına ayaq açmamağa çalışırlar və ayaq açmamaqla yanaşı, bir qədər də dərinə gedərək, müxtəlif ittihamlar səsləndirib, ayaqlarına dolaşmalarının qarşısını almağa çalışırlar. Bu isə siyasi səhnədə siyasi etika baxımından yanlış bir hərəkətdir. Çünki Azərbaycanın siyasi səhnəsində yeniləşməyə, yeni siyasi fiqurların ortaya çıxmasına ehtiyac var. Azərbaycanın siyasi səhnəsi 30 ildir “bu gün gəlirik”, “sabah gəlirik”, “artıq gəlmişik” deyən ənənəvi və radikal müxalifət liderlərindən bezib və artıq Azərbaycan ictimaiyyəti yeni müstəvidə, yeni siyasi baxışlarla bolşevik və kommunsit cəmiyyətindən uzaq bir səhnə istəyindədir”.

Fuad Qəhrəmanlının aktiv fiqur kimi görünməsi vaxtı bitib

Oktay Hacımusalı onu da bildirib ki, Azərbaycanın siyasi düşüncə insanları radikal müxalifətin işinə gəlmir, çünki radikal müxalifət belə olan halda, qətiyyən xaricdən qrant ala bilməyəcək: “İçəridə isə zatən elektorat yoxdur. Çünki kimsə bunlara inanmır. Onlar limitlərini xərcləyiblər. Daxildə elektorat tapa bilməyən müxalifət xaricdəki anti-Azərbaycan xarakterli qüvvələrdən dəstək istəyir. Lakin radikallar bu dəstəyin də yaxın müddətdə kəsiləcəyinin fərqindədir. Fərqindədirlər ki, artıq o təbəqələr onlara inanmırlar. Bilirlər ki, Azərbaycanda yeni siyasi fiqurlar yetişir və bu siyasi fiqurlar yetişdikcə, bunların arasında ciddi anlamda qalmaqallar yaranır. Məsələn, diqqət edin, son siyasi qalmaqallarda AXCP-REAL qarşıdurmasında biz arxadakı qüvvəni görə bilmirik. Yəni Əli Kərimli bu barədə bir neçə dəfə fikir səsləndirsə də, əslində onun danışan dilləri həmin fikirləri səsləndirirlər. REAL partiyasına qarşı reallaşan total hücumlarda özünü yenidən təsdiq etmək istəyən qüvvələrin hücumlarının şahidi oluruq. Məsələn, Fuad Qəhrəmanlı götürək. Fuad Qəhrəmanlı illərdir iki, siyasi səhnədə yoxdur, həbsdəydi, indi həbsdən çıxıb və yenidən Azərbaycanın siyasi səhnəsində aktiv fiqur kimi görünməyə çalışır. Halbuki, onun aktiv fiqur kimi görünməsi vaxtı bitib, yəni Nardaran hadisələrindən sonra özünün aktiv fiqurluğunu bitirib. Belə bir adamın qəfil REAL partiyasına hücum çəkməsinin özü belə, müəyyən fikirlərin yaranmasını formalaşdırır. Niyə Fuad Qəhrəmanlı, niyə Natiq Ədlilov, niyə radikal müxalifət partiyası olan AXCP-nin, “Milli Şura”nın heç bir şeyə yaramayan üzvləri yeni yarana partiyalara, xüsusilə son dönəmlərdə bunlarla bərabər olmayan, onlar kimi inqilabları rədd edən REAL-ı hədəfə alıblar? Bu hədəfə çevrilməyin arxasında da müəyyən məqamlar var. Yəni görünən budur ki, onlar qarşılarına fərqli fikir qoyublar”.

Azərbaycan onların ağalarının böyüməsini istəməyən bir ölkədir

“İllərdir demokratiyadan, prüalizmdən danışan cənablar, bəylər, indi birdən-birə despota çevriliblər. Niyə?” sualını önə sürən jurnalist bu sualının cavabını verib: “Səbəb budur ki, onlar tarixin arxivinə gömüldüklərinin fərqindədirlər. Bu fərqə vardıqlarına görə də Azərbaycanda siyasi xaos yaratmaq istəyirlər. Biz istər bunların, istərsə də xaricdə sosial şəbəkələrdə çıxış edənlərin bir dəfə də Qarabağ məsələsi barədə danışdıqlarını görməmişik. Qarabağla bağlı mitinqlər keçiriləndə bunlar da həmin mitinqlərdə görünsünlər. Əslində, Azərbaycan hakimiyyətinin və xalqının onlara heç bir ehtiyacı yoxdur. Ancaq onlar ölkənin maraqlarını müdafiə etməyə borcludurlar. Lakin onlar bir para xəyalların arxasınca düşüb, həmin xəyalları ilə yaşayaraq əldə edəcəkləri müəyyən dividentləri düşünürlər, bununla da Azərbaycana qarşı xəyanət yolu seçiblər. Bu yolu seçdikləri üçün də, əks düşüncədə olan kim varsa, onların düşmənləridir. Onlar hər kəsi özlərinə düşmən hesab etdikləri üçün bu vəziyyətdədirlər. Çünki Azərbaycan onların ağalarının böyüməsini istəməyən bir ölkədir. Artıq Azərbaycan dünyanın aktiv aktorlarından biridir. Onlar bunu bildikləri üçün də məhz narahatdırlar. Narahatdırlar ki, birdən eyni şəkildə regionda ikinci böyük bir türk dövləti yaranar və böyük türk dövlətinin yaranmaması üçün də çox təəssüf ki, sapı özümüzdən olan baltalardan istifadə edirlər. Bu “azadlıq və demokratiya aşiqləri” əslində, razborka təfəkkürlü kommunistlərdir, komsomolçulardır. Onlar qarşı fikri qəbul edə bilmək təfəkküründə deyillər. Heç şübhəsiz ki, onlar qarşılarında fərqli düşüncəli fərdlər görən zaman həmin fərdlərin üzərinə total hücumlar təşkil edirlər. Bu elədikləri total hücum da onların sonunu gətirir. Ümumiyyətlə müxalifət daxilində davam edən qarşıdurma prosesləri göstərir ki, Azərbaycanda həqiqətən də ciddi şəkildə siyasi yeniləşməyə ehtiyac var”.

Azərbaycan müxalifəti heç bir halda Azərbaycan iqtidarına dəstək olmayıb

“Azərbaycanda soyuq düşünməyi bilən, ölkə maraqlarını düşünən siyasətçilər olmalıdır”, deyən Oktay Hacımusalı deyib ki, iqtidar cəbhəsində biz şahidi olmamışıq ki, iki şəxs bir-biri ilə hər hansı mübarizə aparsın: “Lakin müxalifət cəbhəsində əgər bunlara siyasətçi demək mümkündürsə, kifayət qədər belə hallar yaşanır. Bu insanların əksəriyyəti ölkə əleyhinə istənilən addımları atmağa hazırdırlar ki, iqtidara gəlsinlər. Bu isə Azərbaycanda çirkab içində olan müxalifətin çirkin siyasətinin təzahürlərdir və belə davam etdikləri halda, daha da çirkablaşacaqlar, daha da aqressivləşəcəklər və daha da bir-birləri ilə mübarizə içində olacaqlar. Bu isə heç şübhəsiz ki, Azərbaycanın siyasi səhnəsində çirkablığı ön plana gətirib-çıxaracaq. Biz isə bunu istəmirik, vətəndaş cəmiyyəti, sadə insanlar bunu istəmir. Sadə insanlar müxalifət və iqtidar birliyi istəyirlər. Müxalifətin iqtidara yaxın iş birliyini arzu edirlər. İndiyə qədər təəssüf ki, belə hal baş verməyib və Azərbaycan müxalifəti heç bir halda Azərbaycan iqtidarına dəstək olmayıb. Bu cənabların konsepsiyaları, fikirləri, siyasi bazaları olmayıb. Necə 1988-ci ildə hadisələrə baxırdılarsa, indi də eyni baxışa malikdirlər. Halbuki indi dünya dəyişib, dünyada qlobal hadisələr, dəyişikliklər baş verib. Bu gedişat 1988-ci ilin, 1990-cı illərin ortalarının gedişatı deyil, bu gedişat hətta 2000-ci ilin əvvəllərindəki gedişat deyil. Dünya siyasəti artıq yeni sistem və düzən üzərindədir. Bu siyasətə Azərbaycanda ayaq qoya biləcək siyasətçilər lazımdır. Əgər AXCP-də və s. radikal müxalifət partiyalarında belə qüvvələr olsaydı, ölkə siyasətində fraksiyalar, qruplaşmalar yaranmazdı vı bur-birlərini yaltaq adlandıran, satqın adlandıran, trol adlandıran həmin bu müxalifət bu cür didişmə işində olmazdı. Bu baxımdan, Azərbaycan üçün yeni bir dönəm başlayır və bu yeni dönəm heç şübhəsiz ki, islahatlara başlayan, yəni islahatlara start verən, islahatları sürəkli hala gətirən ölkə başçısı ətrafında sıx birləşə biləcək iqtidarlı-müxalifətli bütün cəmiyyəti bir araya gətirəcək və ölkəni ümdə milli maraqlarını ifadə edəcək müxalifətə ehtiyac var. Bu müxalifət isə nə Əli Kərimli deyil, nə də onun ətrafı deyil. Əgər bu cənablar Azərbaycanla bağlı baş verən müəyyən proseslərdə davamlı şəkildə bir-birlərinə çamur atmaqdan əl çəkib Azərbaycan Prezidentinin atdığı addımları dəstəkləyərlərsə,çox gözəl olardı. Nəticədə Azərbaycan üçün yeni bir mərhələ başlayar. Heç şübhəsiz ki, belə olan halda qazanan Azərbaycan dövləti və dövlətçiliyimiz olar”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə