Hər bir azərbaycanlının qarantı – PREZİDENT İLHAM ƏLİYEV! ANALİTİK

Bu yaxınlarda Azərbaycan xalqı bir il öncə, Prezident İlham Əliyevin yenidən ölkə başçısı postuna seçilməsini böyük ruh yüksəkliyi və qürurla qeyd etdi. Tariximizə 15+1 kimi düşən bu tarix bir daha isbat etdi ki, ötən illər ərzində keçilən yol əsllində 100 ilə bərabər ola biləcək qədər inkişaf, tərəqqi yoludur. Ən əsası isə, ötən bir ildə dövlət başçımızın müəyyənləşdirdiyi siyasi, sosial, iqtisadi və s. sahələrdəki strategiyasının Azərbaycan dövlətinə və xalqına bəxş etdiyi töhfələridir ki, prezident seçkilərində Ona iradəsi seçimi ilə səs vermiş insanlar bu təcəssümü öz həyatlarında hiss etməkdədirlər. Xüsusən, cənab İlham Əliyev növbəti dəfə əməli olaraq sübuta yetirdi ki, O, verdiyi bütün vədlərini yerinə yetirən ALTERNATİVSİZ LİDERDİR! Məhz bu danılmaz fakt ötən ilin prezident seçkilərində özünü bir daha təsdiq etmiş oldu.

Yaşana biləcək istənilən təhlükələrə, risklərə qarşı liderlik və mütərəqqi siyasi şəxsiyyət qətiyyəti

Lakin daha bir gerçəklik budur ki, həmin ərəfələrdə də, əvvəlki dövrlərdəki kimi rahat ola bilməyən qaragüruhçu müxalifət təmsilçiləri maraqlarının təmin olunması üçün xalqı deyil, xaricdəki dairələri üstün tutdular. Bu məsələdə onların “siyasi mühacir” və sosial şəbəkələrdəki “qəhrəmanları” hər vəchlə xalqın iradəsinə qarşı çıxmağa çalışsalar da, nə onlar, nə də onları təlimatlandıran ağaları heç bir uğur əldə edə bilmədilər. Üstəlik, həmin dövrdən sonra ölkə başçısı yürütdüyü qətiyyətli siyasəti ilə verdiyi verdiyi hər bir vədə əməl etdi, bununla da qaragüruhçuların siyasi ölümləri təsdiqləndi, nekroloqları oxundu.

Məhz bu reallıq – Prezident İlham Əliyevin dünyada və regionda baş verən qlobal hadisələrə çevik və strateji siyasət yönündən yanaşması 11 aprel seçkilərindən sonra daha ardıcıl şəkildə özünü göstərməyə başladı. Yaşana biləcək istənilən təhlükələrə, risklərə qarşı liderlik və mütərəqqi siyasi şəxsiyyət qətiyyəti göstərən cənab İlham Əliyev onu da isbatladı ki, Onun genetik kodunda LİDERLİK xarizması mövcuddur. Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini cə xalqını məhv olmaqdan, müstəqilliyini itirməkdən xilas etdisə, Onun layiqli siyasi varisi İlham Əliyev cənabları inkişaf və tərəqqi faktorunu nəhəng masştablı, çoxşaxəli siyasəti ilə həyata keçirdi və bu gün də həmin reallıq davam etdirilməkdədir.

Azərbaycanın dinamik inkişafı, sabitlik və rifah mövcudluğu, dünyada balanslı siyasət yürütməsi gerçəkliyi uğur tandemi olaraq dəyərləndirilir

Hazırkı dövrdə, hətta inkişaf etmiş dünya dövlətlərində ciddi siyasi təlatümlərin, siyasi böhranların, hakimiyyətlər daxilində yaşanan təzadların olduğu halda, Azərbaycanın dinamik inkişafı, sabitlik və rifah mövcudluğu, dünyada balanslı siyasət yürütməsi gerçəkliyi uğur tandemi olaraq dəyərləndirilir. Bunu yalnız Azərbaycan xalqı deyil, eyni zamanda, dünyanın bir çox aparıcı siyasi analitikləri, sorğru mərkəzləri də təsdiq edir. Bu gün paytaxt Bakı da daxil olmaqla, regionlarımız, şəhər və kənlərimiz ən müasir standartlara cavab verən dinamikliyi ilə yüksəliş dövrünü yaşamaqdadırlar və hər bir vətəndaş dövlət başçısının xalqına verdiyi töhfələrdən bəhrələnir.

Əslində, qeyd edilən həqiqətlər elə xalqımızın da dilindən səslənir. Biz, bunu əyani şəkildə görür və qürur duyuruq. Cənab Prezidentin bölgələrə etdiyi hər bir səfəri zamanı xalqla bilavasitə təmasda olması, xalqı maraqlandıran problem və şikayətləri şəxsən dinləməsi, vətəndaşlar tərəfindən Ona ünvanlanan məktubları öz əli ilə qəbul etməsi – bütün bunlar İlham Əliyevin XALQIN LİDERİ statusunu təsdiq edən danılmaz sübutlardır. Əlbəttə ki, belə bir vəhdətin təməlində xalq-dövlət, Prezident-vətəndaş münasibətlərinin səmimiyyəti, etimadı dayanmaqdadır.

Xalqının sevincli və ağır günlərində - hər an, hər dəqiqə vətəndaşlarının yanında olan Prezident İlham Əliyev bu addımı ilə özünün də vurğuladığı kimi, xalqının xidmətçisi olduğunu sübuta yetirir

Bu etimadı reallığa çevirən daha bir amil regionların sosial iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramlarıdır. Ümumiyyətlə, hər bir Dövlət Proqramları Azərbaycanın qısa zamanda istər regionda, istərsə də beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirib. İstər ölkəmizdə, istərsə də ölkəmizdən kənar ərsəyə gətirilən hər bir layihələrdə Azərbaycan dövləti həm təşəbbüskar, həm də ideyaverici olaraq çıxış edir, bununla liderlik mövqeyini isbatlayır. Həmin layihələr sayəsində bu günün Azərbaycan vətəndaşı dövlətin onun rifah, sosial həyatının yaxşılaşdırılması üçün tətbiq etdiyi siyasətindən maksimum şəkildə yararlanır. Yaradılan insfrastrukturlar – sənaye mərkəzləri, zavod və kombinatlar, texnoparklar yeni iş yerlərinin açılmasına səbəb olur ki, on minlərlə insan işlə təmin olunurlar. Əbəs deyil ki, cənab İlham Əliyev dövlət başçısı olaraq, seçildiyi müddətdə hər bir rayonda ən azı beş dəfə olub və hətta elə rayonlarımız var ki, həmin bölgələrə on dəfədən artıq səfərlər edib.

Xalqının sevincli və ağır günlərində - hər an, hər dəqiqə vətəndaşlarının yanında olan Prezident İlham Əliyev bu addımı ilə özünün də vurğuladığı kimi, xalqının xidmətçisi olduğunu sübuta yetirir. Onun marağında olan əsas amil Azərbaycan dövlətini, Azərbaycan xalqını baş verə biləcək istənilən təhlükədən qorumaq, dünyada baş verən toqquşmalardan, siyasi çaxnaşmalardan uzaq tutmaq və həmin vasitə ilə inkişaf yolunu davam etdirməkdir. Əlbəttə ki, bunu hər bir sağlam düşüncəli vətəndaş, hər bir dövlət və xalq sevgisi ilə yaşayan vətəndaş bilir, dərk edir və dəstəkləyir. Bu sevgi və dəstək isə ötən ilin aprelin 11-də bir daha izhar olundu, söz yox ki, belə də davam edəcək!

2018 – ci ildə və 2019 – cu ilin ilk dörd ayında aparılan islahatların, məqsədyönlü proqramların demək olar ki, hər biri xalqın inkişafına və onun rifah halının yüksəlməsinə xidmət edir

Prezident İlham Əliyevə olan xalq məhəbbətinin kökündə dayanan daha bir gerçəklik, 2019-cu ilin əvvəlindən başlayan nəhəng islahatlar paketinin qəbulu, həyata keçirilməsidir. Bu inqilabi paket olaraq da qiymətləndirilməkdədir. Demək olar ki, hər sahəni və vətəndaşların bütün təbəqələrinin maraqlarını təmin və əhatə edən islahatlar paketi onu da deməyə əsas verir ki, cənab Prezident vətəndaşların bütün problemlərindən xəbərdardır. O cümlədən, vətəndaş da dövlət başçısının onun problemlərindən xəbərdar olduğunu görür, bilir və fərqinə varır. Faktlar da bunu sübut edir.

Ümumiyyətlə, 2018 – ci ildə və 2019 – cu ilin ilk dörd ayında aparılan islahatların, məqsədyönlü proqramların demək olar ki, hər biri xalqın inkişafına və onun rifah halının yüksəlməsinə xidmət edir.

Faktlar da bunu açıq-aydın göstərir. Ötən ilin avqustunda Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın tə.əbbüsü ilə Azərbaycanda sosial xidmətlərin daha da yaxşılaşdırılması üçün vahid pəncərə sistemi reallaşdırıldı. Bu istiqamətdə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi mərkəzləri yaradıldı. Artıq bu DOST vasitəsi ilə vətəndaşlara 120-dən çox xidmət növləri təklif edilir. Eyni zamanda, birinci Qarabağ müharibəsindən zərər çəkən qaçqın və məcburi köçkünlərə, habelə qazilərə, şəhid ailələrinə hər bir dövlət yardımları göstərilir, təqaüdlər, sosial müavinətlər artırılır.

Baxmayaraq ki, ölkəmiz Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərinin 20 faizdən çoxunu itirib və müharibə zamanı Azərbaycan dövləti milyardlarla manatlıq zərər görüb, lakin buna rəğmən müharibədən ziyan çəkmiş hər bir vətəndaş daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Mənzillərlə, avtomobillərlə təmin edilən Qarabağ qazilərimizlə yanaşı, qaçqın və məcburi köçkün ailələri ən müasir standartlara cavab verən mənzillər təqdim olunub. Təkcə ötən il 5800 nəfərdən çox qaçqın ailəsinə evlər verilib. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzillər təqdim edilib. Bu prosesin davamlı xarakter alması üçün isə, dövlət başçısı cənab İlham Əliyev müvafiq strukturlara öz tapşırıqlarını verib.

Əlbəttə, uğurlar saysız və hesabsızdır və onların hər birinin arxasında bilavasitə Prezident İlham Əliyevin müstəqil, qətiyyətli, alternativsiz siyasəti, eyni zamanda, LİDERLİK xarizması dayanır. O da əbəs deyil ki, hər bir Azərbaycan vətəndaşı onun qarantının İLHAM ƏLİYEV olduğunu qürurla etiraf edir!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...