“Elina məsələsindən manipulyasiya edib xaos yaratmaq istəyən qüvvələr var” – OKTAY HACIMUSALI+VİDEO

“Gündəm mövzuları o qədər fərqlidir ki, onlara müxtəlif rakurslardan yanaşmaq olar. Lakin maraqlıdır ki, gündəm rakurslarını necə müəyyənləşdirmək olar, yəni hansı mövzular bizim üçün aktualdır və hansı mövzularla bağlı ortalığı qarşıdırmağa çalışırlar, ictimai qarışıqlıq yaratmaq istəyirlər”. SİA xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Oktay Hacımusalı Facebookda video yayımına çıxaraq, son günlər Elina Hacıyevanın intiharı üzərində siyasi maraqlarını güdən qaragüruhçu və radikal müxalifətin cəhdlərinin təhlilini apararkən deyib.

Jurnalistin sözlərinə görə, hər kəs əlində olan informasiya resurslarından istifadə edib, müxtəlif yalan məlumatlar və eyni zamanda, yayılması qadağan olan informasiyalar təqdim edirlər: “Təbii və şübhəsiz ki, burada əsas maraqlar məktəbli Elina Hacıyevanın intihar hadisəsi idi. İntihar hadisəsi elə-belə hadisə deyildi, çünki intihar edən varsa, onu intihar həddinə çatdıran da var və bu barədə toplum olaraq alışmışıq. Kimsə, hər hansı bir hadisə baş verən kimi dərhal linç etməyə adam axtarır. Yəni bildi-bilmədi, tanıdı-tanımadı, dərhal hesab edir ki, qarşı tərəf linç olunmalıdır. Düşünürlər ki, burada hamı günahkardır, hamı pisdir, hamı bədbəxtdir...”.

“Ümumilikdə proseslər elə gedir ki, bu sürətə vaxt çatdırmaq da olmur”, deyə qeyd edən Oktay Hacımusalı Elina Hacıyevanın intiharının sosial problem olduğunu deyib və bunun siyasiləşdirilməsini, şoulaşdırılmasını yanlışlıq adlandırıb, burada çirkin məqsədlərin mövcud olduğunu qeyd edib: “Elinanın məsələsi heç şübhəsiz ki, sosial problemdir. Amma bu sosial problemin yaranması məqamlarını başladılan istintaq və bu istintaqa təyin olunmuş peşəkar mütəxəssislər araşdıracaq. Əlbəttə ki, burada qaranlıq olan məqamlar ortaya çıxacaq və hadisə ilə bağlı müvafiq tədbirlər görüləcək. Amma bu məsələni periodik olaraq, çox ciddi şəkildə manipulyasiya edib, ölkədə çaşqınlıq, xaos və anarxiya yaratmaq istəyən qüvvələr də var və onlar qaragüruhçulardırlar ki, əllərinə düşən bütün imkanlardan çalışırlar ki, istifadə etsinlər, Azərbaycanda qarışıqlıq yaratsınlar, Azərbaycanda vətəndaş qarşıdurması yaradaraq, dövlətə qarşı qaldırsınlar, vətəndaşları dövlətdən narazı salsınlar. Belələri əlbəttə ki, bilərəkdən fəaliyyət istiqaməti yürüdürlər. Hətta bu hadisəni şoulaşdırmaq da istədilər”.

“Media nümayəndələrinin olduğunu görüb, kameralara düşmək istəyərək, müsahibə verənlərin sifətlərində mən təəssüf ki, kədər ifadələri görmədim”

Elina Hacıyevanın intiharından şəxsi mənfəət güdənlərin şou hazırlamaq, özünü reklam məqsədi daşımaq istəyinin olduğunu bildirən jurnalist həmin məsələyə maraqlı yanaşma edib: “Hadisənin baş verdiyi ərazidə aksiya da keçirdilər. Orada media nümayəndələrinin olduğunu görüb, kameralara düşmək istəyərək, müsahibə verənlərin sifətlərində mən təəssüf ki, kədər ifadələri görmədim. Yəni Elina Hacıyevanın intihar hadisəsinə görə kədərlənən insan imicini görmədim. Çünki insanın sifəti hər hansı bir hadisəyə görə büruzə verir, ayna kimi hər şeyi göstərir. Bu insanlar danışaraq, gülərək, simalarında təbəssüm, sanki nəyəsə sevindiklərini göstərdilər. Belə düşünüblər ki, sabah onları göstərəcəklər və aksiyanın onlar tərəfindən keçirildiyi deyiləcək. Hadisəyə bu kontekstdən baxıblar həmin insanlar.

Təbii ki, əgər bir hadisə baş verirsə, həmin hadisəni araşdıran hüquq-mühafizə orqanları var və bu orqanlar heç bir məlumat verməmiş, heç bir fikir bildirməmiş, ortalıqda yekun nəticə olmamış irəli çıxıb, aksiyalar keçirməyə cəhd göstərirlər, bu yolla baş verən olayı manipulyasiya etməyə çalışırlar. İnanın ki, onları heç biri nə Elina Hacıyevanın valideynləri qədər, nə də onun yaxınları qədər bu məsələyə yana bilərlər”.

“Elina məsələsində linç kampaniyası aparmaq, insanları dövlətə və hakimiyyətə qarşı çevirmək cəhdi absurddur”

Oktay Hacımusalı yeniyetmələrin həyata individual baxışlarının olduğunu izah edərək, belə hadisələrdən heç kimin sığortalanmadığını bildirib: “Bilirsinizmi, yaxınları təhsil sahəsində çalışan hər bir insan bilir ki, belə hadisələrdən heç kim sığortalanmayıb və belə hadisələr baş verə bilir. Bütün şagirdlərin, xüsusilə yeniyetmələrin vəziyyətləri eyni deyil, individualdır. Yəni hər kəsin özünə məxsus psixoloji durumu olur, xüsusilə yeniyetmələrdə. Misal üçün, aqressiyalar, yeniyetməlik simptomları, haradasa özünü təqdimetmə instinkti olur. Bunu təbii ki, orada şoulaşdırıb, fəaliyyətə keçmək doğru seçim deyil”.

Bəlli qüvvələrin - Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərənlərin ölkəmiz haqqında mənfi imic yaratmaq istəklərinin hadisə ətrafındakı iddialarının qəbulolunmaz olduğunu deyən media təmsilçisi əlavə edib ki, belələri hətta fərdi hadisələri belə şəxsi dividentlərinə yazmağa cəhdlər göstərirlər: “Bu hadisə Azərbaycanda birinci hadisə deyil, minlərlə belə hadisələr baş verir” kimi istiqamətini götürərək mənfi obraz yaratmaq, insanlara, dünya ictimaiyyətinə Azərbaycanla bağlı mənfi informasiyalar ötürmək xoşagələn hadisə deyil. Biz bilirik ki, Elina məsələsi elə də sadə bir hadisə deyil, amma Elina məsələsində linç kampaniyası aparmaq, insanları dövlətə və hakimiyyətə qarşı çevirmək cəhdi absurddur. Niyə absurddur onu da deyim. Bu hadisənin baş verməsi fərdi bir hadisədir, yəni o bir fərdə aid hadisədir, yeniyetmənin psixoloji durumu ilə bağlı olan hadisədir. Bunu böyük bir masştabda təqdim edib, ortalığı vəlvələyə verib və Elinanın intiharı ilə bağlı konkret olaraq, dövləti suçlamaq, hakimiyyəti suçlamaq, hakimiyyətdə boşluqların olduğunu demək, iqtidarda bəzi şeylərin öz yerində olmadığını demək özü qəbul olunan bir iddia deyil”.

“Sosial və psixoloji problemli ailədən çıxan şagirdlər var və onlar yeniyetməliyin gətirdiyi aqressiya, həyata tam oturuşmamış fikirlər kontekstində xoşagəlməz hadisələr törədə bilərlər”

“Şəxsən özüm elə hadisələrin şahidi olmuşam ki, məktəblərdə qarmaqarışıq, sosial və psixoloji problemli ailədən çıxan şagirdlər var və onlar yeniyetməliyin gətirdiyi aqressiya, həyata tam oturuşmamış fikirlər kontekstində xoşagəlməz hadisələr törədə bilərlər. Belə şagirdləri əldə saxlamaq, onlarla çalışmaq məktəb rəhbərliyi üçün də çətin olur”, deyən Oktay Hacımusalı bun sözlərinə sosial izah verib: “Ələlxüsus həmin məktəblərdə ki, uşaq səhər ora gedir, günortalar isə evinə qayıdır və onun məktəbdə olduğu müddət çox az bir müddətdir. Beş və altı dərs, ən uzağı 6 saat məktəbdə olur və geri qalan hissəsini isə valideynləri ilə keçirir, ictimai mühitdə, sosial aktiv həyatın içində olur. Yəni bu, birbaşa məktəblə olmayan və eyni zamanda, ailə ilə bağlı, cəmiyyətdə bağlı olan bir prosesdir. Hər şeyi məktəbin, Təhsil Nazirliyinin üstünə yıxıb cəmiyyətdə çaşqınlıq yaratmaq o qədər də xoşagələn bir hal deyil. Xüsusilə bunun radikal müxalifətin, misal üçün müəyyən qrupların ajiotaj yaratmaq istəyi belə deməyə əsas verir ki, bu məsələ artıq fərqli istiqamətlərə yönəlir. Hər zaman olduğu kimi, sanki biriləri pusquda dayanıb, cəmiyyətdə baş verəcək hər hansı bir hadisəni Azərbaycan hakimiyyətinin, Azərbaycan dövlətinin əleyhinə çevirsinlər və bundan istifadə eləsinlər. Hansı ki, o insanlar da hakimiyyətə gəlsələr, bundan daha dəhşətli hadisələr baş verə bilər. Tədris müəssisələrində xaos və anarxiya yaranar. Yenə yaxşıdır ki, hazırda məktəblərdə müəyyən şeylər var ki, insanlar nə baş verdiyini anlayırlar. Ən azından, məktəb direktorları ilə, nazirliklə, məktəb kollektivi arasında müəyyən bir əlaqə var. İnanın ki, bu hadisəni Azərbaycan dövlətinin əleyhinə yönəltməyə çalışan radikal müxalifət qüvvələri, yaxud xaricdə yaşayan və Azərbaycana qarşı çıxış edən, söyüş söyənlər hakimiyyətdə olsaydılar, bu hadisənin altından çıxa bilməzdilər. Onlar başlarını itirərdilər, bilməzdilər ki, nə etsinlər. Halbuki, Azərbaycan dövləti hadisə ilə bağlı ciddi anlamda iş gördü. Yəni ən azından, hal-hazırda istintaq aparılır. Lakin nədənsə, təhsil sahəsində yalnız mənfi tərəflər ictimailəşdirilir. Hansı ki, bu hadisə baş verən günlərdə sosial mediadan oxudum ki, azərbaycanlı tələbə qızlar arasında keçirilən beynəlxalq riyaziyyat olimpiadasında qalib olub”.

“Azərbaycana bütün günü qara yaxan qüvvələrdən hansı biri həmin Fidan Qarayeva haqqında bir informasiya verdi? Yaxud dedi ki, Fidan Qarayeva Azərbaycan təhsilinin adına uğur gətirərək, qızlar arasında riyaziyyat üzrə keçirilən dünya olimpiadasında qalib olub?”

Tannmış jurnalist qaragüruhçulara yönəlik daha bir sual ünvanlayaraq, onların nəyə görə Azərbaycan təhsilinin uğurları barədə informasiya yaymağa cürət etmədiklərini soruşub: “Tanrı xatirinə, sizdən soruşuram ki, ictimai, yaxud sosial fəallardan, bloqerlərdən, Azərbaycana bütün günü qara yaxan qüvvələrdən hansı biri həmin Fidan Qarayeva haqqında bir informasiya verdi? Yaxud dedi ki, Fidan Qarayeva Azərbaycan təhsilinin adına uğur gətirərək, qızlar arasında riyaziyyat üzrə keçirilən dünya olimpiadasında qalib olub? Bunu demədilər və deməzlər də. Niyə deməzlər, çünki bu adamların işi-peşəsi ancaq və ancaq Azərbaycan əleyhinə informasiyalar yaymaqdır. Bunların Azərbaycanı yüksək mənada təqdim etmək lüksləri yoxdur. Zatən təqdim etsələr, bir çox şeyləri demək məcburiyyətində qalarlar, Azərbaycanın inkişafını, qazandığı uğurları etiraf etmək məcburiyyətində qalarlar. Ona görə bunları demirlər ki, məhz Azərbaycan əleyhinə qarayaxma kampaniyaları aparsınlar, yalnız ölkədə olumsuz məsələlər haqqında danışsınlar ki, daha çox divident gəlsin və daha çox nələrisə əldə etsinlər, xaricdən daha çox qrant alsınlar, xaricdən isə onların başını daha çox sığallasınlar.

Cəlil Məmmədquluzadənin Qurbanəli bəy hekayəsini hamınız çox gözəl bilirsiniz. Orada sadəcə, bir şey var idi – “molodes sobaka”. Əslində leytmotiv budur: Azərbaycandan kənarda bunların başını sığallasınlar deyə, ancaq və ancaq Azərbaycanın mənfi tərəflərini deyirlər. Amma Azərbaycanda elmdə, təhsildə, mədəniyyətdə, sosial sahədə kifayət qədər gözəl hadisələr baş verir. Sadəcə, bu hadisələri təqdim etməyə ürək lazımdır, həmin ürək isə bizlərində təəssüf ki, yoxdur”.

Videoçıxışın orijinalına təqdim olunan linkə tıklayaraq baxa bilərsiniz:

https://www.facebook.com/oktay.hacimusali/videos/1949502961839857/

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə