"Çin Azərbaycan məhsullarının ixracı üçün böyük bazardır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanla Çin arasında siyasi və iqtisadi əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanla Çin bir-birini dəstəkləyən, dost və gələcəyə böyük iqtisadi strateji hədəflərə nail olmağına hədəfləyən ölkələrdir: "Çin ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 1.3 milyard dollar təşkil edir. Amma bu dövriyyəni çoxaltmaq imkanları genişdir. Ölkəmizdə sənayenin və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar ixracyönümlü yeni Azərbaycan brendli malların istehsal çeşidini genişləndirməyimizə imkan vermişdir. Çin isə Azərbaycan məhsullarının ixracı üçün böyük bazardır və Urumçi, Luço, Şanxayda açılmış ticarət evləri bu bazarda mövqelərimizi möhkəmləndirməyimizə imkan verəcəkdir. Həm də Azərbaycan Çinin təklif etdiyi "Bir kəmər, bir yol" layihəsini tam dəstəkləyir. Çinin Avropa ilə böyük mal dövriyyəsi mövcuddur. Azərbaycanın ərsəyə gətirdiyi böyük trans milli nəqliyyat layihələri ən qısa və təhlükəsiz marşurut olduğunu nəzərə alsaq Çin-Avropa yük mübadiləsinin Azərbaycanın üzərindən keçməsinə marağın artacağı gözləniləndir. Ümumilikdə qeyd etmək istəyirəm ki, Çin-Azərbaycan münasibətlərinin möhkəmlənməsi hər iki ölkənin iqtisadiyyatına böyük töhvələr verəcəkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə