Jurnalistdən “Sonanın uşaqlarına” məntiqli dərs saatı SİYASİ TƏHLİL

Oktay Hacımusalı: “Bəsdir, daha çox insanları iyrəndirməyin!”

REAL partiyası -“Milli Şura” savaşı və bu savaşdan doğan reallıqlar artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, belə qarşıdurmaların kökündə dayanan amil dövlətçilik maraqları deyil, məhz şəxsi ambisiyalara xidmət etmək məqsədi dayanır. Əslində, həmin gerçəklik 25 ildən artıqdır ki, müxalifət düşərgəsinin müxtəlif cəbhələrində davam etməkdədir və bu gün həmin mövcudluq REAL-“Milli Şura” arasında təsdiqini tapır. Əbəs deyil ki, siyasi müxalifət daxilindəki hərc-mərcliklər son dövrlər istər sosial, istərsə də xəbər medialarında daha çox müzakirə edilir. Əsasən, qarşıdurmalar, ziddiyyətlər və s. bu kimi halların analizi aparılır və məntiqi nəticələrə gəlinir.

“Ayrılıb qarşılıqlı olaraq “satqın”, “şərəfsiz”, “agent” kimi biabırçı ritorikalardan istifadə edən bu əcaib məxluqlar indi artıq siyasətə yeni gələn qüvvələrə öz kinlərini, nifrətlərini qusmaqdan çəkinmirlər”

SİA xəbər verir ki, bu arada, jurnalist Oktay Hacımusalı sözügedən məsələ ilə bağlı Facebook səhifəsində diqqət cəlb edən “Sonanın uşaqları”nın Avropaya inteqrasiyası üstündə davası...Ya da gedin başqa yerdə dava edin” başlıqlı yazı ilə çıxış edib. İlqar Məmmədovun sədri olduğu REAL partiyası ilə AXCP sədri Əli Kərimlinin inhisarı altında və Cəmil Həsənlinin “sədrlik” etdiyi “Milli Şura” arasındakı qalmaqalın təhlilini aparan jurnalist yazır ki, son günlər REAL – “Milli Şura” davası tamamı ilə iyrənc müstəviyə keçib. SİTAT: “ REAL – ın lideri İlqar Məmmədovu həbsdən çıxan kimi təbiri – caizsə, öpüb gözünün üstünə qoyan bu qaragüruh indi REAL – a və İ.Məmmədova qarayaxma kampaniyaları aparır, bütün hallarda onu və ətrafını gözdən salmaq üçün əllərindən gələni edirlər. İllərdir bir-birləinə olmazın təhqirlərini edib, hər addımbaşı birləşib sonra ayrılıb qarşılıqlı olaraq “satqın”, “şərəfsiz”, “agent” kimi biabırçı ritorikalardan istifadə edən bu əcaib məxluqlar indi artıq siyasətə yeni gələn qüvvələrə öz kinlərini, nifrətlərini qusmaqdan çəkinmirlər. Səbəb nədir?!

Düşünürlər ki, yeni siyasətçilər ictimai mühitdə möhkəmləndikcə xalq onsuz da bunların əlində olan ayaqqabılarını dama atacaq və bunlar Əli aşından olacaqlar, Vəli aşından da”.

“...Və o zaman onları ictimai qınaqdan heç kim xilas edə bilməyəcək”

Göründüyü kimi, O.Hacımusalı burada əsasən, nimdaş və köhnə təfəkkürdə qalmış müxalifət təmsilçilərini düşərgəyə yenilik gətirmək marağında olan digər müxalif siyasətçilərə qarşı iyrənc hücumlar təşkil etdiklərinə eyham vurub. Çünki köhnə təfəkkürlülərin aqressivləşməsi istər dolayı, istərsə də birbaşa silinmək təhlükəsinin etirafı olaraq da qiymətləndirilə bilər və belə də qiymətləndirilməkdədir.

Başqa tərəfdən, artıq onların xarici ağaları da yavaş-yavaş onlardan əllərini üzməyə başlayıblar. Bir sıra anti-Azərbaycan xarakteri Qərb təşkilatları son vaxtlara qədər dəstək göstərdikləri, maliyyələşdirdikləri radikal və ənənəvi müxalifətin ümumiyyətlə, yararsızlar yığnağı olduğunu gec də olsa, anlamağa başlayıblar.

Beləliklə, “Düşünürlər ki, xaricdən bunlara dəstək verən müəyyən antiazərbaycançı qüvvələr də bir gün yorulub bunlara zamanında dəstək olduqlarına görə peşman olacaqlar və o zaman indiyə kimi onlara verilən paraların hesabını istəyəcəklər”, yazan jurnalist həmin məqaləsində davam edir: “Düşünürlər ki, aldadıb pis günə qoyduqları, hal – hazırda deportasiya ilə üz – üzə qalan, bir şəkil uğruna həyatları (sadəcə, öz həyatları yox, eyni zamanda yaxınlarının da) heçə sayılan qondarma müxalifətçilər də bu gün dilə gələcəklər və o zaman onları ictimai qınaqdan heç kim xilas edə bilməyəcək”.

“Təki, onlara “malades sobaka” desinlər”

Bəllidir ki, burada digər eyham bir neçə illərdir ki, Avropada və Qərb ölkələrində özlərini ictimai rəyə zorla “siyasi mühacir”, “siyasi dissident” və s. qismində sırımağa cəhd edənlərə vurulur. Heç bir siyasi bilgiləri, savad və dünya görüşləri olmayanların, pul-paraya, 100 avroluq qranta görə bir-birlərini söyənlərin birdən-birə sosial şəbəkələrdə var-gəl edib, küfrlər etmələri onlara heç nə vermədi – qazandıqları isə xalqın hiddəti oldu. SİTAT: “Adi, elementar danışıq qabiliyyətləri belə olmayan, işləri, gücləri söyüş söymək, ağızlarına gələni danışmaq, dövlətin ən adi elementar uğurundan belə narahat olub, hadisələrə mütləq bir qaranlıq don geyindirmək olan bu buqələmunlar mənəvi cəhətdən o qədər yoxsuldurlar ki, pul uğrunda hər şeyi qurban verməyə razıdırlar, təki əllərindən lüks həyat tərzləri çıxmasın. Təki, onlara “malades sobaka” desinlər. Qara yaxmaq da olar, söyüş söymək də, təhqir etmək də…

Dünyanın dəyişdiyi, yeni düzənin yavaş – yavaş bütün qlobal mühitdə hakimi – mütləq olmağa başladığı bu günlərdə əgər radikal müxalifət hələ də söyüş söyürsə, təhqir və aşağılama yolunu tutubsa, demək ki, təfəkkürləri hələ də dəyişməyib. Hələ də hadisələrə 80 – ci illərin sonundakı xaotik mühitin pəncərəsindən baxırlar. Sən o pəncərədən baxaraq hələ də səndən bir balaca fərqli düşünən insanlara yuxarıdan aşağı baxıb onları təhqir edirsənsə, onları “Sonanın uşaqları” adlandırırsansa, o zaman sənin ixtiyarın yoxdur ki, özünü Azərbaycan siyasi səhnəsinin əsas fiqurlarından sayasan. Sayarsan e, saymasına, amma kimsə səni ciddi qəbul etməz, bu da məsələnin başqa bir tərəfidir. Hətta başqa bir tərəfi deyil, bilavasitə başlanğıc nöqtəsidir. Çünki, siyasətdə uğur qazana da, məğlubiyyətə də düçar ola bilərsən, amma əsas odur ki, şəxsiyyətin bütöv olsun. Hadisələribütöv bir şəxsiyyət kimi obyektiv olaraq dəyərləndirəsən”.

“Bugünkü siyasətin bataqlıq tərəfində qurdalanmaqla məşğul bəzi lümpenlər onların yolu ilə gedib siyasətdə hər şeyi normal kimi qəbul edirlər”

Əslində, siyasəti söyüş makinasına çevirməyin ictimai düşüncəyə nə qədər zərər vurması həqiqəti kimsəyə sirr deyil. Siyasət ağıl, düşünmə qabiliyyəti, strategiyanın müəyyənləşdirilməsi faktorları üzərində mövcud olan bir gerçəklikdir. Bu baxımdan, məqalənin təhlili də nəticəyə gəlməyə imkan verir ki, söyüş söymək eyni zamanda siyasi mühitin çirkaba bulaşmasına da gətirib çıxarır ki, sonradan bu çirkabı təmizləmək, normal bir cəmiyyət qurub sivil qaydalara uyğun olaraq siyasi mübarizə aparmaq olduqca müşkül məsələyə çevrilir: “Necə ki, bundan öncəki bir para siyasətçilər (radikal və dağıdıcılıq təfəkkürü ilə alışıb-yanan müxalifət pariyasının rəhbərləri – R.N.) Azərbaycan siyasətində söyüşün, təhqirin əsasını qoydular, hətta öz liderlərinə belə xəyanət etdilər, nəticədə isə bugünkü siyasətin bataqlıq tərəfində qurdalanmaqla məşğul bəzi lümpenlər onların yolu ilə gedib siyasətdə hər şeyi normal kimi qəbul edirlər, hər gün sosial şəbəkələrdəki hesablarından qarşı tərəfə söyüşlə müraciətdə bulunurlar. Kimsə bunlara onların öz başa düşdükləri dildə cavab verəndə isə vəziyyət daha da qarışır. Kənardan izləyəndə ortaya çıxan vəziyyətdən isə adamın ürəyi bulanır. Adam üzünü bunlara tutmadan sadəcə qışqırmaq istəyir: Ya adam kimi siyasətlə məşğul olun, ya da gedin özünüzə düz əməlli bir iş tapın! Xalq onsuz da sizin bu iyrəncliklərinizdən yorulub. Bəsdir, daha çox insanları iyrəndirməyin!”

Nəticə olaraq isə, belə bir sonluğu ifadə etmək olar: Bəli, bu gün Azərbaycanın siyasi arenasında kifayət qədər normal, sivil düşüncəli və fərqli baxışları olan siyasətçilər var və bu siyasətçilərlə yanaşı qaragüruhçuların, söyüş siyasəti aparanların, şəxsi mənafelərinə görə hətta ən ağılasığmaz iyrəncliklərə əl atanların - bir sözlə, radikal müxalifət liderlərinin bir arada olması qeyri-mümkündür və əsla ola da bilməz! Belələrini məhz onları illərdir ki rədd edən, imtina edən xalqın iradəsi tarixin zibil urnasına atıb, bundan sonra da atmağa davam edəcək. Daha dəqiq desək, fakt onsuz da gözlər önündədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...