"Rusiya DQ münaqişəsi ilə bağlı yeni təkliflər paketi hazırlayır" AÇIQLAMA-ÖZƏL

"Ötən gün Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşündən münaqişənin həllində dönüş yaradacaq məsələlərin olacağını gözləmək mümkün deyildi. Çünki, mürəkkəb şəraitdə bu, ola da bilməzdir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Moskva görüşünün faktiki olaraq Rusiyanın təşkilatçılığı və təşəbbüsü ilə keçirildiyini xatırladan politoloq söyləyib ki, Rusiya XİN başçısı Sergey Lavrovun həmin görüşdə birbaşa iştirakı bunu bir daha sübut edir.

F. Sadıqovun fikrincə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni təkliflər paketi hazırlayır: " Xatırladım ki, Lavrov görüş ərəfəsində Ermənistanın XİN rəhbəri ilə qapalı şəkildə bir araya gəlib. Hazırda bu görüşün nəticələri məlum deyil. Amma düşünürəm ki, bu görüşdə yeni təkliflər paketi ilə əlaqədar razılaşmalar müzakirə olunub".

Politoloq hazırlanan yeni təkliflər paketinin Azərbaycanın maraqları ilə tam şəkildə üst-üstə düşəcəyinə əmin olmadığını da dilə gətirib: "Çünki, Rusiya ilk növbədə Ermənistanın siyasi müttəfiqidir. Düzdür, Azərbaycan-Rusiya arasında strateji əməkdaşlıq mövcuddur və Azərbaycanın beynəlxalq arenada aparıcı dövlətə çevrilməsi nəticəsində Rusiya bu münasibətlərin daha da inkişaf etməsində maraqlıdır. Bu, danılmaz faktdır və Rusiya bizimlə hesablaşır. Amma yeni təkliflərin tam mənada Azərbaycanı qane edəcəyi məsələsində yanıla bilərik. Bu baxımdan Azərbaycan öz hücumedici diplomatiyasını davam etdirməlidir. Çünki, bu cür diplomatiya istədiyimiz nəticəni bizə əldə etmək imkanı verir. Bu siyasətin nəticəsidir ki, danışıqlar formatı dəyişilməz olaraq qaldı".

Rusiya tərəfindən hazırlanan yeni təkliflər planının digərlərindən fərqinə gəlincə F. Sadıqov vurğulayıb ki, planda Rusiyanın Cənubi Qafqazla bağlı maraqları öz əksini tapa bilər: "Rusiyanın əsas marağı nə Ermənistan, nə də Azərbaycanla bağlıdır. Bu baxımdan hesab edirəm ki, yeni təkliflər məhz Rusiyanın maraqlarına uyğun şəkildə hazırlanacaq. Ola bilsin ki, planda Dağlıq Qarabağın ətraf rayonlarının boşaldılmasına start verilməsi ilə bağlı məqamlar öz əskini tapsın. Lakin bunun hansı şərtlər və şəraitdə ediləcəyi müəmmalıdır. Son dövrlərdə Rusiya Ermənistan münasibətlərində gərginlik olsa da, düşünmürəm ki, Rusiya yeni təklifdə işğalçı ölkəni qurban vermək niyyətindədir. Bizim əsas məqsədimiz işğaldan azad olunma prosesinə start verilməsidir. Burada Laçın dəhlizi, qaçqınların qayıdışı kimi məsələlər müzakirə oluna bilər. Amma Azərbaycan heç zaman Dağlıq Qarabağın bir qurum kimi tanınmasına və ya danışıqların formatının dəyişdirilməsinə razı ola bilməz".

Ötən gün Moskvada XİN başçılarının jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı razılığa gəlməsi məsələsinə aydınlıq gətirən politoloq qeyd edib ki, hər bir münaqişənin humanitar tərəfləri var ki, buna humanitar pauza da deyilir: "Humanitar aksiyalara əsirlərin azad olunması, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara təşkilatlar, qohumlar tərəfindən əsirləri ziyarət etmək və digər dialoqlar daxildir. Bu baxımdan XİN başçılarının Moskva görüşündə jurnalistlərin səfərləri ilə bağlı əldə olunan razılıq da bu aksiyalara daxildir. Jurnalistlər belə səfərlər vasitəsi ilə bir-biriləri ilə təmasda olub, öz fikirlərini digər tərəfə bildirə bilirlər. Amma bu o demək deyil ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövqeyi kənarda qalır. Bütün bu proseslər Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması kontekstində olunmalıdır. Razılaşmalar ərazi bütövlüyümüzə gedən yolun hansısa məqamlarıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...