"Sosial sahədə aparılan islahatların hər biri vətəndaşlara xidmət edir " RƏY-ÖZƏL

"Azərbaycan xalqı, eləcə də beynəlxalq aləm tərəfindən verilən qiymətdən də görünür ki, 2019-cu il ölkəmiz üçün islahatlar ili, xüsusilə də sosial sahədə həyata keçirilən mühüm hadisələr ili kimi başlanıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ilin ilk 4 ayından başlanan islahatlar nəticəsində əmək haqları, pensiyalar, təqaüdlər və digər sosial müavinətlər artırılıb, şəhid ailələri, müharibə əlilləri, veteranlarla, bağlı mühüm addımlar atılıb: "Ötən gün Prezident İlham Əliyev tərəfindən müharibə veteranlarının təqaüdlərinin artırılması, eləcə də əlillərə baxan şəxslərə yeni təqaüdün təsis edilməsi istiqamətində atılan addımlar bunun davamıdır. Qısa müddət ərzində respublikada sosial sahədə aparılan islahatlar, irəliləyişlərin hər biri Azərbaycan insanının, vətəndaşının rifah halının yüksəlməsinə xidmət edir".

Deputat söyləyib ki, Azərbaycanda həyata keçirilən sosial islahatlar uzun illər müddətində iqtisadi sahədə aparılan işlər nəticəsində ölkəmizin maddi durumunun yaxşılaşdırılması nəticəsində həyata keçirilib: "Biz bu islahatları həyata keçirmək üçün ilk növbədə bünövrəsini yaratmışıq və bunun sayəsində iqtisadi gücümüzü artırmışıq. Büdcəmiz artdıqca, iqtisadiyyatımız inkişaf etdikcə, bütün sahələrdə inkişaf özünü göstərir. Bununla da vətəndaşlarımızın sosial vəziyyəti daha da yaxşılaşdırılır".

E. Məmmədov qeyd edib ki, bu addımlar bundan sonra da davam edəcək: "Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin kökündə vətəndaşlarımızın maddi durumu, sosial məişət vəziyyətinin yaxşılaşdırılması dayanır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə