"Bu, ölkəmizin nüfuzundan, gücündən, qüdrətindən xəbər verir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən sonrakı bir illik fəaliyyəti ilə əlaqədar Fransanın “Opinion Way” şirkəti rəy sorğusu keçirdi. Həmin sorğuda minlərlə respondentin rəyi öyrənilib". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Forum rəhbərinin sözlərinə görə, bu rəy dünya, beynəlxalq ictimaiyyət, Avropa ictimaiyyəti üçün hansısa yenilik ola bilər, amma Azərbaycan ictimaiyyəti üçün bu yenilik deyil: "Çünki biz ölkə Prezidenti İlham Əliyevin siyasətinə, fəaliyyətinə vətəndaş cəmiyyəti olaraq, qeyri-hökumət təşkilatı, Milli QHT Forumu olaraq 2003-cü ildən etibarən dəstək vermişik. Ölkə Prezidenti bu illər ərzində milli, bəşəri və mütərəqqi siyasətini birmənalı, məqsədyönlü şəkildə həyata keçirib ki, Azərbaycan dünyada layiqli yerini tutsun. Təbii ki, həyata keçirilən bütün iqtisadi, sosial islahatlar paketi bütövlükdə ordu quruculuğu, ərazi bütövlüyümüzün bərpa olunması və s. bütün istiqamətlərdə islahatların aparılması, inkişafın təmin olunmasında cənab Prezidentin hər zaman elan etdiyi kimi bu siyasətin mərkəzində vətəndaş amili dayanır.

Bu gün Azərbaycan vətəndaşını narahat edən elə bir məsələ yoxdur ki, ölkə Prezidentinin ondan məlumatı olmasın. Bu kimi məsələlər həmçinin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətindədir. Məhz bütün bunların nəticəsidir ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Bu təbiidir. Ona görə ki, ölkə başçısı sözün həqiqi mənasında illərlə apardığı siyasətin nəticəsində bütövlükdə əhalimizin sosial rifah halının yüksədilməsi istiqamətində nə mümkündürsə, bu gün onu həyata keçirib. Bu gün ölkənin sabit saxlanılması, stabilliyinin təmin olunması, daxili və xarici siyasətinin balanslaşdırılmış səviyyədə aparılması, regionda lider dövlətə çevrilməsi ölkəmizin nüfuzundan, gücündən, qüdrətindən xəbər verir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə