"Vətəndaşlarımız ölkədə aparılan siyasəti dəstəkləyir" MÖVQE-ÖZƏL

“Fransanın “Opinion way” şirkət tərəfindən aparılan sorğu nəticələrinə əsasən, Azərbaycan vətəndaşlarının 90 faizinin prezidentin islahatlarını dəstəkləməsi, vətəndaşlarımızın ölkədə aparılan siyasətə dəstəyinin mühüm ifadəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonrakı dövrdə Azərbaycanda bütün sahələr üzrə aparılan siyasət və islahatların əhatəlilik və keyfiyyət baxımından daha da fərqli olduğunu deyən deputat söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin hər biri xalqımızın, vətəndaşlarımızın daha yaxşı və rahat yaşamasına istiqamətlənib.

Onun sözlərinə görə, son 1 il müddətində aparılan islahatlar nəticəsində əldə olunan effektiv nəticə “Opinion way” şirkətinin apardığı sorğuda da özünü təsdiq etdi: “2019-cu ilin ilk 3 ayının nəticələrinə diqqət etsək görərik ki, qısa müddət ərzində Azərbaycanın ÜDM-si 3 faiz, qeyri-neft sənayesi 15 faiz artıb, inflyasiya cəmi faiz olub. Bundan başqa ilin ilk aylarında başlayaraq, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində minimum əmək haqlarının, pensiyaların, sosial müavinətlərin, tələbə təqaüdlərinin artırılması nəticəsində vətəndaşlarımızın daha da yaxşı yaşamasına istiqamətlənib. İslahatlar nəticəsində iqtisadiyyatda şəffaflığın artması büdcə gəlirlərini son 2 ayda 200 milyon manat artırıb”.

K. Əliyeva vurğulayıb ki, Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar təkcə ölkə daxilində deyil, eləcə də xarici təşkilatlar, ekspertlər tərəfindən də yüksək qiymətləndirilir: “Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq təşkilatların reytinqində irəliləyir, beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...